2030cu ilə qədər dünya okeanındakı plastik tullantıların miqdarı ikiqat arta bilər


Digərləri 08 Mar 2019 08:26:00 251 0

2030cu ilə qədər dünya okeanındakı plastik tullantıların miqdarı ikiqat arta bilər

2030-cu ilə qədər dünya okeanındakı plastik tullantıların ümumi miqdarı 40 faizdən çox, dünya okeanını çirkləndirən zibilin miqdarı isə iki qat arta bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar Dünya Vəhşi Təbiət Fondunun (WWF) illik məruzəsində əks olunub.

WWF ekoloqlarının məlumatına görə, son 18 ildə kimya sənayesi tullantılarının həcmi plastik erasının əvvəlindəki ilə müqayisədə təqribən iki dəfə artıb, havanın və okeanların çirklənmə səviyyəsi isə həndəsi silsilə üzrə artmaqdadır. Bu vəziyyətin dünyada ekologiya sistemi üçün doğuracağı nəticələri qabaqcadan söyləmək mümkün deyil.

Sənəddə deyilir: "Hazırda plastik materialdan hazırlanan məmulatların həcmi ildə hər adama 53 kiloqram civarındadır. Bu məmulatlar nəzarətsiz istehsal edilir, real tələbat nəzərə alınmır, bu da çirklənmənin miqyasını tənzimləməyə və onun artmasını dayandırmağa imkan vermir".

Ekoloqlar bütün ölkələrin hökumətlərinə müraciət edərək onları çirklənməyə qarşı mübarizənin təsirli milli strategiyalarını yaratmağa, plastik məmulatlar istehsalını və onların istifadəsini azaltmağa məcbur edəcək qlobal sazişdə iştirak etməyə, habelə tullantıların təhlükəsiz emalı üzrə zəruri tədbirlər görməyə çağırırlar.