Yaz gəlir: yoluxucu xəstəliklərdən necə qorunaq? –


Digərləri 07 Mar 2019 22:05:00 211 0

Yaz gəlir: yoluxucu xəstəliklərdən necə qorunaq? –

Yazın gəlişinə çox az qalıb. Fəsil dəyişkənliyi ilə əlaqədar insanların səhhətlərində bir sıra xəstəliklər və  problemlər meydana gəlir. İnsanlar bu dövrdə sağlamlıqlarına qarşı daha diqqətli olmalı, özlərini ətraf mühitin mənfi təsirlərindən qorumalıdırlar.

Bəs yaz fəslinin gəlişi özü ilə hansı sağlamlıq problemlərini gətirir  və insanlar özlərini necə qorumalıdırlar?   Son.az medicina.az-a istinadən bildirir ki, terapevt Nərgiz Abdullayevanın dediyinə görə, yaz fəsli sağlamlıq problemlərinin bol olduğu bir fəsil hesab olunur, çünki bu fəsildə havalar tez-tez  dəyişir. Bu isə soyuq havaya öyrəşmiş insan orqanizminə mənfi təsir göstərir: "Temperaturun qəfil dəyişməsi orqanizmə mənfi təsir edir. İnsanın orqanizminin yeni havaya adaptasiya olması üçün bir müddət lazımdır. Bu ərəfələrdə orqanizmin immuniteti kəskin şəkildə aşağı düşür. Bu isə bədənin viruslara və bakteriyalara olan müqavimətini azaldaraq, bir çox xəstəliyə yoluxmasına şərait yaradır.  Heç təsadüfi deyil ki, yaz aylarında havaların isinməsinə baxmayaraq, qrip, angina kimi bir çox yoluxucu xəstəliklərdə artım müşahidə olunur".

N.Abdullayeva deyir ki, belə hallardan özümüzü qorumaq üçün ilk növbədə geyimimizə fikir verməliyik: "Hava şəraiti tez-tez dəyişdiyi üçün insan qalın geyinə və tərləyə bilər. Bu amilə xüsusi diqqət yetirmək lazımdır.  İnsanlar həmçinin, qidalanmalarına da nəzarət etməlidirlər. Yaxşı olardı ki, meyvə-tərəvəzdən və təbii qidalardan çox istifadə etsinlər.  Çoxlu maye və vitaminli təbii şirələr müqaviməti artırır. Həmçinin, vitamin komplekslərində istifadə etmək məsləhətdir".