“O şəxsləri təcili psixoloqa aparmaq lazımdır” –


Digərləri 07 Mar 2019 21:25:00 274 0

“O şəxsləri təcili psixoloqa aparmaq lazımdır” –

Yəqin ki, çoxlarınız həyatınız boyu, heç olmasa, bir dəfə də olsa, vas-vası, hər şeydən iyrənən insanlarla qarşılaşmısınız. Bu cür insanlar öz həyatlarını çətinləşdirməklə yanaşı, ətraflarında olan insanlara da bir çox problemlər yaradırlar.

Bəs görəsən, bu hal normaldır, yoxsa hər hansı bir psixoloji problemdən xəbər verir?   Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq Leyli Muradovanın dediyinə görə, bu, həqiqətən də psixoloji problemdir: "Bunun elmi dildə adı obsessiv-kompulsiv pozuntudur. Bu, əslində çox geniş mövzudur. Xəstəliklərin Beynəlxalq Təsnifatında bu hal sayrışan hallar nevrozu kimi təqdim edilir. Bunun bir neçə növü var. Onlardan da biri təmizlik obsessiyasıdır. Təmizlik obssesiyası tamamilə psixoloji problem hesab olunur.  Onun nevroloji bir hissəsi yoxdur".

Həkimin sözlərinə görə, bu hal istənilən yaş dövründə meydana çıxa bilir: "İnsanın təmizliklə məşğul olması, səliqəli olması normal haldır. Amma bizim sosial həyatımıza, ailə durumumuza, işimizə bir maneə törədirsə, bu artıq "xəstəlik" halını alıb və mütləq terapiyadan keçmək lazımdır. Bəzən insanlar bu haldan yaxa qurtarmaq üçün dərman qəbul edirlər, amma psixoloqla söhbətə dırnaqarası baxırlar. Amma bu işin bir də koqnetiv, yəni düşüncə tərəfi də var".  

Psixoloq bildirir ki, belə problemdən əziyyət çəkən insanlar yalnız psixoloji terapiya zamanı kömək görə bilərlər: "Bu cür insanlar mütləq psixoloqla terapiya keçməlidirlər".

L.Muradovanın sözlərinə görə, bu hal əsasən qadınlarda meydana çıxır: "Bu adi ev təmizləmək və ya ev yığışdırmaq hesab oluna bilməz. Bu psixoloji problemdən əziyyət çəkən insanlar təmizlədikləri, süpürdükləri evi dəfələrlə təmizləyirlər. Təmizlik başa çatdıqdan sonra kiminsə ayağı həmin yerə dəydikdə, onlar yenidən təmizliyə başlayırlar. Əllərini dəfələrlə yuyurlar. Hamamda saatlarla qalırlar. Bədənlərinin su dəyən hissələrinə infeksiya düşər deyə dəfələrlə yuyurlar. Əllər o qədər yuyulur ki, çatlayır. Qazanın qapağını əlləri dəyməsin deyə xüsusi əskilərlə tuturlar. Evlərini xüsusi dərmanlarla təmizləyirlər. Amma bir dəfə yox, səhərdən axşama qədər eyni yeri ovalaya-ovalaya qalırlar".