Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir


Digərləri 07 Mar 2019 18:07:00 194 0

Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərində 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hal-hazırda Bakı şəhərində  5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı  piyada keçidi. Piyada keçidinin uzunluğu 57,4 m, qalereyasının eni 4,4 m, hündürlüyü isə 3,2 m-dir. Keçid bağlı qazma üsulu ilə inşa edilir.

2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə yerüstü piyada keçidi. Keçidin uzunluğu 227 m, eni 2,7 m,  yoldan hündürlüyü isə 5,5 m-dir. Piyada keçidi "asma" tipli və üst hissəsi açıq olacaq.

3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin   uzunluğu 45 m, eni 3,5 m, yol üzərindən hündürlüyü isə 5,5 m təşkil edir.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü  piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu  59,4 m, oxdan-oxa uzunluğu 52 m, kənar dayaqlarda hündürlük isə 5,15 m təşkil edir.

5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 m, yol səthindən hündürlüyü 5,5 m təşkil edəcək.


Xəbərə aid fotolar