UNICEF: Şərqi və Mərkəzi Avropa, habelə Orta Asiyadakı əlil uşaqların 75 faizi keyfiyyətli inklüziv təhsildən kənarda qalır


Digərləri 07 Mar 2019 18:01:00 180 0

UNICEF: Şərqi və Mərkəzi Avropa, habelə Orta Asiyadakı əlil uşaqların 75 faizi keyfiyyətli inklüziv təhsildən kənarda qalır

Yardımçı texnologiyalara daha yaxşı çıxış imkanının təmin edilməsi məktəbə qəbul edilən əlilliyi olan uşaqların sayını əhəmiyyətli dərəcədə artıra bilər.

Bakı. UNICEF nümayəndəsinin bu gün dediyinə görə Şərqi və Mərkəzi Avropada, habelə Orta Asiyada yaşadığı müəyyən edilən 5.1 milyon əlilliyi olan uşağın 75 faizi keyfiyyətli inklüziv təhsildən kənarda qalır. Rəsmi statistikaya görə Azərbaycanda əlilliyi olan təxminən 72 000 uşaq qeydiyyatda olsa da, onların cəmi dörddə bir hissəsi bu və ya digər formada təhsil ala bilir. UNICEF-in Azərbaycandakı Nümayəndəliyi, Təhsil Nazirliyi və Avropa İttıfaqı ilə əməkdaşlıq şəraitində İnklüziv təhsilin inkişafı üzrə dövlət proqramı çərçivəsində Azərbaycanda hər bir uşağın keyfiyyətli təhsil almaq imkanının artırılması istiqamətində fəaliyyət göstərir. Həmin dövlət proqramında əsas diqqət standart məktəb siniflərində əlilliyi olan uşaqlara yüksək keyfiyyətli inklüziv təhsil verə bilmələri üçün müəllimlərə zəruri bacarıqların aşılanmasına, yeddi inzibati ərazi vahidində (Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Ağcabədi və Qazax) inklüziv təhsil resursrlarının, dəstək mərkəzlərinin yaradılması yolu ilə ictimaiyyətin məlumatlılığının artırılmasına və əlilliyi olan uşaqların sosial inklüziyasının təmin olunmasında iştirakına yönəldilir. Bu gün dəqiq və etibarlı informasiyanın əksik olmasına baxmayaraq əldə olan faktlar göstərir ki, əlilliyi olan milyonlarla uşaq həqiqətən də məktəbə qəbul edilmək imkanından ömürlük məhrum olur. Məktəbə qəbul olunanların isə təhsil prosesindən faydalanması, ibtidai və ya orta təhsili tamamlaması ehtimalı digər uşaqlarla müqayisədə aşağıdır. Regionda yüz minlərlə əlilliyi olan uşaq öz həmyaşıdlarından və icmalarından təcrid olunduqları "xüsusi" məktəblərə yerləşdirilir. UNICEF-in Avropa və Orta Asiya üzrə regional direktoru Əfşan Xan deyir: "Bu, həmin uşaqlar, onların ailələri, vətəndaşı olduqları ölkələrin iqtisadiyyatı üçün faciədir, çünki onların potensialı hədər gedir. Bu gün UNICEF əlaqədar tərəfləri yardımçı texnologiyaların əlçatanlığını və ucuzlaşdırılmasını təmin etməyə yönələn investisiyaların reallaşdırılmasına çağırır, çünki bu məhsullar əlilliyi olan uşaqların təhsil almaq kimi fundamental hüquqlarını reallaşdırmağa müvəffəq olan uşaqların sayını əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir." Xüsusi oxu vasitələrindən və planşetlərdən yüngül və ucuz əlil arabalarına, beyin-kompüter interfeysi sistemlərinə qədər müxtəlif texnoloji vasitələrdən ibarət yardımçı texnologiyalar əlilliyi olan uşaqların daha müstəqil olmasına, məktəbə davam etməsinə və öz icmalarının həyatında iştirakına imkan yaradır. Bu gün Cenevrədə, Millətlər sarayında açılan xüsusi təyinatlı iki günlük sərgidə məhz belə texnologiyalar nümayiş etdirilir. Sərgidə əlilliyi olan uşaqların məktəbdə təhsil almasına köməkçi ola biləcək innovativ yardımçı texnologiyalarla tanış olmaq mümkündür.