"Gömrük Hospitalının həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar"


Kriminal 07 Mar 2019 17:57:00 219 0

"Gömrük Hospitalının həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Gömrük Hospitalının Planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.

O qeyd edib ki, hospitalda işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.

Suallara cavab verən L.Mustafayeva qeyd edib ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alıb: "Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir".

Gömrük Hospitalının Satınalma şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində söyləyib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub. O, bütün prosesləri idarə rəisi F.Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini bildirib.