Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası oldu


Digərləri 07 Mar 2019 17:47:00 189 0

Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası oldu

Martın 7-də Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda Dünya Xəbər Agentliklərinin 2019-cu ildə Sofiya şəhərində keçiriləcək VI Konqresinə son hazırlıq məsələləri müzakirə edilib, təşkilati işlərə baxılıb.

Son.az xəbər verir ki, İclasda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər. Almaniyanın Dpa agentliyinin prezidenti, EANA-nın prezidenti Piter Kropş və Associated Press agentliyinin nümayəndəsi Anna Conson tədbirə videokonfrans vasitəsilə qoşulublar.

AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda çıxış edib, təşkilatın təkmilləşdirilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinin genişləndirilməsi, saytının funksionallığının artırılması, nizamnaməsində dəyişikliklər olunması, BMT-də qeydiyyatdan keçirilməsi ilə bağlı təklif və mülahizələrini diqqətə çatdırıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmçinin Dünya Xəbər Agentliklərinin VI Konqresinin təşkili, 2022-ci ildə VII Konqresə ev sahibliyi etmək istəyən ölkələrin namizədliyi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, VII Konqresə ev sahibliyi edəcək ölkəni seçmək üçün namizədlər Sofiya Konqresində təqdimatla çıxış etməli və yalnız bundan sonra onların namizədliyi səsə qoyularaq müəyyənləşdirilməlidir. Eyni zamanda, təşkilata üzv agentliklərdən üzvlük haqları toplanaraq fond yaradılmasının və yığılmış vəsaitdən ciddi dəstəyə ehtiyacı olan agentliklərə yardım göstərilməsinin zəruriliyi vurğulanıb.

Aslan Aslanov Dünya Xəbər Agentliklərinin Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Konqresinin yaxşı təcrübə platformasına çevrildiyini diqqətə çatdırıb, gələcək tədbirlərə ev sahibliyi etmək istəyən ölkələrə bu təcrübədən faydalanmağı tövsiyə edib. Şura üzvləri bu təklifləri razılıqla qarşılayıb və yüksək qiymətləndiriblər.


Xəbərə aid fotolar