Sumqayıt klubundan intihar etmək istəyən məşqçiyə dəstək


İdman 07 Mar 2019 14:46:00 211 0

Sumqayıt klubundan intihar etmək istəyən məşqçiyə dəstək

"Şəmkir" və "Karvan" kimi klublarda işləmiş Zakir Mahmudovun çağırışına ilk səs verən "Sumqayıt" klubu olub.

Goal.az-ın məlumatına görə, borc içində yaşayan və hətta özünü asacağını bildirən Mahmudovun durumu ilə "kimyaçılar"ın prezidenti Riad Rəfiyev şəxsən maraqlanıb. Rəfiyev klubun vitse-prezidenti Vaqif Ömərovla birlikdə sumqayıtlı mütəxəssislə görüşüb. Görüş zamanı klub rəhbərləri onun problemləri ilə maraqlanıb və tezliklə Zakir Mahmudova köməklik olunacağına söz veriblər.

Xatırladaq ki, "Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi olub. "Karvan” UEFA kubokunda mərhələ adlayarkən isə Mahmudov klubda məşqçi kimi çalışıb.

İndi isə mütəxəssis çətin günlərini yaşayır. "Futbol+" qəzetinə açıqlamasında intihar həddinə çatdığını bildirmişdi: "Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı. Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm.Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdur. Mənə heç olmasa, 200-250 manatlıq bir iş versinlər, daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm? Vallah, belə yaşamaqdan ölmək yaxşıdır. Bir də eşidəcəksiniz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”.