Azərbaycan qadınlarının sayı açıqlandı


Digərləri 07 Mar 2019 14:00:00 195 0

Azərbaycan qadınlarının sayı açıqlandı

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, ötən il doğulan 139 min körpənin 46,6 faizini qız uşaqları təşkil edib.

Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır.