Gənclər “Aprel zəfəri” uğrunda yarışacaq


Digərləri 07 Mar 2019 08:58:00 223 0

Gənclər “Aprel zəfəri” uğrunda yarışacaq

"İrəli" İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Gənclər kuboku: Aprel zəfəri" layihəsi həyata keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində "gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi" müddəaları qeyd edilir.

"İrəli" İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq "Gənclər Kuboku: Aprel Zəfəri" layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Layihənin final mərhələsi aprel ayında həyata keçiriləcəkdir.

"20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və uğurlar qazanır. Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri Azərbaycan gəncinin idmana artan marağıdır. 2015-ci il Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının və bir sıra digər genişmiqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilmiş olması, həmçinin 2017-ci ildə keçirilmiş 4-cü İslam Həmrəylik oyunlarının gətirdiyi əks-səda da bu hərəkata öz töhfəsini verib"

Bunu "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov layihə haqqında fikirlərini səsləndirərkən bildirib.

Sədr onu da qeyd edib ki, Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynelxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir.

"Gənclər Kuboku: Aprel Zəfəri" layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.