İsveçrədə "GPSticket" dəbə minir


Digərləri 06 Mar 2019 22:51:00 208 0

İsveçrədə "GPSticket" dəbə minir

İctimai nəqliyyatda innovativ yeniliklərin tətbiqi sahəsində İsveçrə nəinki nümunəvi, eyni zamanda, novator ölkə sayılır. Sıx ictimai nəqliyyat şəbəkəsinə malik bu Alp ölkəsində rahat, sürətli və dəqiq işləyən nəqliyyat sistemində mütəmadi olaraq innovativ texnoloji yeniliklər tətbiq olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərnişinlərin rahatlığını təmin etmək üçün İsveçrə Federal Dəmir Yolları (SBB) ötən ilin sonlarından etibarən biletlərin GPS (qlobal mövqe təyinetmə sistemi) vasitəsilə qeydiyyatını tətbiq edir. Belə ki, telefonunda xüsusi mobil tətbiq (app) yükləmiş sərnişin hər dəfə ictimai nəqliyyatdan istifadə edərkən bilet almaq, onu konduktora göstərmək və ya aparatlarda qeydiyyatdan keçirməyə gərək qalmır. GPS vasitəsilə sərnişinin qət etdiyi məsafəni hesablayan app biletin pulunu ən münasib tarif əsasında onun şəxsi hesabından çıxır. Bilet yoxlanışı zamanı isə sərnişin QR-kod vasitəsilə öz elektron biletini təqdim edə bilir.

SBB-dən verilən məlumata görə, ötən ilin oktyabr ayından indiyədək 15 mindən artıq müştəri "EasyRide" funksiyasını öz mobil telefonlarında aktivləşdiriblər və ilk dördaylıq test mərhələsində 18 min sərnişin bu funksiyadan istifadə edib, onlardan 6 min nəfər mütəmadi istifadəçilər olublar.