"Royalbank"ın keçmiş əməkdaşının məhkəməsində şahid: Şirkətlər bölüşdürülmüşdü


Kriminal 06 Mar 2019 21:20:00 251 0

"Royalbank"ın keçmiş əməkdaşının məhkəməsində şahid: Şirkətlər bölüşdürülmüşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında şahid qismində ifadə verən Lamiyə Soltanova 2008-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialında əməliyyatçı vəzifəsində işlədiyini və hazırda da həmin bankda çalışdığını deyib.

L.Soltanova qeyd edib ki, işi hesab açılandan sonra müştərini qəbul etmək olub: "Həmin vaxt da Rüfət Vəliyev vəsaiti banka gətirmişdi. Hesabı baş mühasib Afət Yusifova açıb, mən də Rüfəti qəbul edib, kassamədaxil etmişəm. Yəni sənədləri yoxlamışam, sonra da pullar kassaya aparılıb".

Məhkəmədə elan olunub ki, R.Əliyevin banka təqdim etdiyi sənədlərin müqavilələri 2006-cı ilə aid olub. Hakim deyib ki, təqsirləndirilən şəxs də ifadəsində 2006-cı ildə beton zavodda işlədiyini bildirib.

L.Soltanova isə söyləyib ki, əməliyyatçıların bu barədə heç bir məlumatları yoxdur: "Mən həmin adamın keçmişini araşdırmalı deyiləm axı. Rüfət Əliyevdən də başqa şəxsi tanımırdım".

Daha sonra şahid qismində Beynəlxalq Bankın Nəqliyyat filialında əməliyyatçı vəzifəsində çalışmış Məlahət Səfərova dindirilib. O, təqsirləndirilən R.Vəliyevin banka müştəri qismində gəlib, sənədlər təqdim etdiyini deyib: "Əmanətçilər arasında Rüfət Vəliyevin şirkətləri bölüşdürülmüşdü. Hərəmiz bir neçə şirkətin müqavilə sənədlərinə baxırdıq".

Şahid qismində ifadə verən Zaur Hüseynov daha əvvəl Beynəlxalq Bankın Nəqliyyat filialında baş mühasibin müavini olduğunu qeyd edib. O, R.Vəliyevin banka gələrkən sənədləri əmanətçilərə təqdim etdiyini söyləyib: "Onun bir neçə şirkəti var idi, xaricə pul köçürürdü. Lakin pulu necə gətirdiyini görməmişəm".

Məhkəmədə elan olunub ki, iş üzrə şahid olan Şaiq Məmmədovun adına Mahir Əliyevlə birgə "Galaksi" şirkəti açılıb. Mahir Əliyev də həmin şirkətə R.Vəliyevi direktor təyin edib.

Şahid Ş.Məmmədov ifadəsində bildirib ki, Mahir Əliyevlə birgə tikinti şirkətində çalışıb, ona pul qazanmaq üçün şirkət açmasını təklif edib: "İş alınmadı, sonra şirkəti Mahirin adına keçirdim. Rüfəti isə tanımıram".