“Dəhşətli səhnə idi. O, qadını 2 metrlikdən güllələdi...”


Dünya 06 Mar 2019 19:54:00 252 0

“Dəhşətli səhnə idi. O, qadını 2 metrlikdən güllələdi...”

Terrorçu "İslam Dövləti" (İŞİD) silahlı qruplaşması son nəfəsində də təşkilatlanmış və qəddar olaraq qalır. Suriyada əllərində qalan sonuncu məkanda belə onlar tərəfdarlarına ərzaq və pul paylayır, dini polis və döyüşçüləri isə qorxu və qəddarlıq idarəçiliyini davam etdirirlər.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, qruplaşma son bir neçə həftə ərzində 10 mindən artıq yorğun və yaralı tərəfdarının köçürülməsini təmin edib, görünür, uzunmüddətli perspektivdə salamat qalmağı, münaqişəni davam etdirməyi gözə alırlar.

Çoxu əcnəbilərdən, iraqlılardan, orta asiyalılardan ibarət yaraqlılar indi son döyüşə girişiblər, Deyr əz-Zor əyalətinin Əl-Bağuz kəndində tunellərə, mağaralara sığınıblar. Bu kənd Suriyada İŞİD-in nəzarətində qalan yeganə anklavdır. Ötən cümədən bəri ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bərpa etdiyi gülləbarana dirəniş göstərməkdədirlər. SDF rəsmilərinin fikrincə, kənddə mövqe tutan İŞİD-çilər ölənə  savaşmaq niyyətindədirlər.

Agentlik ərazidən çıxarılan 20-dən artıq adamdan müsahibə alıb. Onların bildirdiyinə görə, qruplaşma əraziyə nəzarəti saxlamağa çalışdıqca onun vaxtilə güclü qurumları da təzyiqə dirəniş göstəriblər. Amma danışanlar İŞİD-in qisasından qorxaraq adlarının çəkilməsini istəməyiblər. Onlardan çoxu İŞİD üzvlərinin qohumlarıdır.

Dul qadınlar deyiblər ki, hətta yaraqlılar çadırlara köçəndən sonra belə onlar İŞİD-in administrasiyasında olan qonaq evlərində qalıblar, qrup aylıq təqaüdləri ərzaq yardımıyla əvəzləyib, amma getdikcə ərzaq qıtlığı yarandığından yardım da azalıb. Pul transferi ofislərinin son günədək işlədiyi deyilir. 24 yaşlı bir suriyalı qadın deyib ki, əri öləndən sonra, bir ay öncə anası Hələbdən ona pul göndərib.

Yaraqlıların fiziki cəzaları da qüvvədə saxladığı söylənir. Onlar adamların qaçmasına kömək edən bir iraqlı lideri öldürüblər. İŞİD-in "Hisba" adlı dini polisi Əl-Bağuzdakı çadırları gəzərək sakinləri gündə beş dəfə namaz qılmağa çağırıblar. Təxliyə vaxtı çatanda "Hisba" əməliyyata nəzarət edib, yaralıları və ailələrini qeydiyyatdan keçməyə çağırıb.