"Çox çətin uşaqlığım olub"


Digərləri 06 Mar 2019 16:29:00 255 0

"Çox çətin uşaqlığım olub"

Metbuat.az-da "Medianın üzü" adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. "Medianın üzü" layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı "Azadinform" İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir.

Son.az metbuat.az-a istinadən müsahibəni təqdim edir.

- Niyaz müəllim, haqqınızda məlumatda qeyd edilib ki, 25 iyul 1975-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmusunuz. Uşaqlığınız elə həmin kənddə keçib?

- Bəli, uşaqlığım elə həmin kənddə keçib. Çox çətin uşaqlığım olub, həm maddi cəhətdən çox problemlərimiz olub, həm kəndimiz özü kasıb kənd olub. Atam fəhlə işləyib, anam isə bağçada bir müddət tərbiyəçi olub, sonra isə ümumiyyətlə işləməyib. Evdə 7 uşaq olmuşuq, ümumiyyətlə Cənub bölgəsinin insanları çoxuşaqlı olmağı sevir. Uşaqlıqdan sonra gəncliyimiz quruluşun, ictimai-siyasi formasiyanın dəyişdiyi dövrə təsadüf edib. Xatırlayıram ki, 1988-1989-cu illərdə evdə qəndi bizə bir-bir verirdilər. Əlbəttə, bu tək bizdə deyildi, ümumiyyətlə ölkədə, xüsusən də əyalətlərdə sıxıntılar var idi, vəziyyət çox çətin idi.

Bu o zamanlar idi ki, artıq Sovet İttifaqı dağılır, Meydan hərəkatı başlamaq üzrə idi, ölkədə çox ciddi problemlər var idi. Bu nöqteyi-nəzərdən hər bir kənd uşağı kimi mənim də sıxıntılarım olub. Vəziyyətim tam acınacaqlı olmayıb, yaşamışıq, amma çox çətinliklər görmüşəm. Ailə böyük idi, təkcə atam işləyirdi. Mən evin böyük oğlu kimi ailəyə dəstək verməyə çalışırdım. Amma necə? Anam tum alıb gətirirdi, qovururdu, mən də kənd toylarında onu satırdım. Hətta qız belə istəyə bilmirdim ki, deyəcəklər tum satır. Bu məni utandırırdı və məndə çox böyük psixoloji yaralar qoyub. O yaranın izinə görə, heç vaxt sevməmişəm.

- Bəs ailə quranda necə?

- Əvvəllər, elə çox vaxt indi də bir çox gənclər gələcək həyat yoldaşını ata-ana tövsiyəsi ilə bəyənirdi. Mən də o insanlardanam, təbii ki, özümün də xoşuma gəlib. Amma sevgi hissinə daha çox vərdiş kimi yanaşmışam. Uşaqlığın mənə yaşatdığı iztirablardan biri də elə bəlkə budur. Bacım məndən bir yaş böyük idi, illər əvvəl xərçəng xəstəliyinə görə rəhmətə gedib. O, qonşu Alar kəndində dərzi kurslarına gedirdi. Mən də çiynimə tum torbası onu aparıb kursa qoyurdum. Sonra yaxınlıqdakı "İran bazarı" adlanan yerdə tum satırdım. Anam deyirdi ki, "gələndə bacını gözlə, onu da gətir". İşimi bitirib mütləq oturub bacımı gözləməli idim. Bizim kənddən ora 6 km yol idi. Dediyim kimi, quruluşun dağıldığı dövrlər idi, avtobus gah olur, gah olmurdu, gah da bizi kənd adamlarından kimsə yolda görüb maşını ilə aparırdı.

Evə gəlirdim, dərslərlə məşğul olurdum. Əgər gecə toy olacaqdısa, yenə də tum torbasını götürüb satmağa gedirdim. Düzdür, burda qeyri-adi bir şey yox idi, hamı ailəsinə bir yolla yardım edirdi. Mən də belə edirdim. Həmyaşıdlarımdan fərqli olaraq hər zaman cibimdə pul olurdu. Belə deyək, uşaqlığım indikindən daha "varlı" idi. Oğlanlarıma bunu deyəndə deyirlər "ata, belə şey olmaz", deyirəm olub. Uşaq vaxtı məndən çox şey tələb olunurdu.

- Siz də övladlarınızdan çox şey tələb edirsiniz?

- Evdəki ümumi vəziyyətimiz məndən çox şey tələb edirdi - "oxumalıyam, təsərrüfata yardım etməliyəm, tum-siqaret satmalıyam". Məndən ən azı bunlar tələb olunurdu, amma mən övladlarımdan yalnız bir şey tələb edirəm: oxumaqlarını. Lakin onlar bunu da düz-əməlli yerinə yetirə bilmirlər. Mən kənardan indiki gəncləri müşahidə edirəm. Mənim övladlarım daxil böyük əksəriyyəti çox məsuliyyətsiz və aqressivdirlər. Hər şeyə bir günün içində nail olmaq istəyirlər. Sanki kimisə qovurlar, amma baxırsan ki, qarşılarında heç kim yoxdur. Məqsədsizdirlər, plan üzrə həyatlarını qurmaq istəmirlər, öz-özünə hesabatlılıq yox səviyyəsindədir. İnsan mütləq özünə hesabat verməlidir. Plansız, məqsədsiz insan yelkənsiz gəmiyə bənzər.

- Qeyd etdiniz ki, hər gün təsərrüfat işləri də sizin öhdənizdə olub. Bu qədər işlə məktəbə necə gedirdiniz?

- Bunlar kənd həyatının yaşam qaydalarıdır. Kənddə yaşayan hər bir ailədə bunlar gündəlik işlərdir. Amma mütləq məktəbə də getməli idik. Günortaya kimi məktəb, günortadan sonra təsərrüfat və digər işlər, axşam da dərslər... Mən 8 il Cəlilabadın Təzəkənd kəndindəki orta məktəbdə təhsil almışam. Dərslərimiz yaxşı idi, özüm də yaxşı oxumuşam. Anam Masallı qızı idi. Orada babam, dayılarım yaşayırdı. Bizim kənddə məktəb zəifləməyə başlamışdı, onda Masallıda təhsil bizdəkindən çox yaxşı idi, o məktəbdə də qohumlarımız müəllim işləyirdi. Tarix müəllimim Eldar Həsənov atama tövsiyə etdi ki, "uşaq yaxşı oxuyur, burda saxlamayın, göndərin daha yaxşı məktəbdə oxusun". Ona görə valideynlərim məni ora göndərdilər, 2 il Masallıda - Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində oxudum. Ondan sonra isə Bakıya gəldim. Masallıda oxuduğum illərdə kifayət qədər nümunəvi şagird olmuşam. Orada oxuduğum müddətdə dayımın evində qalırdım, həftə sonları isə Cəlilabada - evimizə qayıdırdım.

- Uşaqlıqda ailənin yükünü necə üzərinizə götürdüyünüzdən danışdınız. 7 bacı-qardaş olmusunuz, digər bacı-qardaşlarınız, xüsusilə də qardaşlarınız da sizin kimi olub?

- Əlbəttə, sadaladığım təsərrüfat işlərində qardaşlarım da dəstək olurdu. Təkcə məndən sonra heç bir qardaşım tum və siqaret satmadı. Məndən kiçiyi cəhd etdi, o da alındıra bilmədi, daha doğrusu utanırdı. Amma təsərrüfat işlərində evə çox dəstək olurdular. Mən artıq universiteti bitirmişdim, mətbuatda işləyirdim. O zamanlar (1997-2000-ci illər) küçədə qəzet satmaq ənənəsi var idi. Mən jurnalist işləyirdim, amma maddi vəziyyətim yaxşı deyildi. Onda balaca - 3-cü qardaşım kənddən Bakıya gəldi, küçədə qəzet satıb məni saxlayırdı. Mən onda "Avrasiya" qəzetində işləyirdim, maaşlarımız çox gec-gec verilirdi, hətta 4-5 aydan bir... Subay idim, amma bütün hallarda insan yaşamalı, qidalanmalı, geyinməli, ev pulu verməli idi. Onda Azərbaycanda mətbuatın ümumi vəziyyəti mənimkindən də pis idi. Məsələn, indi əgər sən yaxşı yaza bilirsənsə, intellektin, peşəkarlığın varsa, mütləq iş tapacaqsan. Amma onda peşəkar da olsan, iş yox idi, tapmaq olmurdu. Qardaşım təxminən 1 il mənə kömək etdi. Elə burada da hazırlaşıb universitetə qəbul oldu.

- Niyə məhz tarixi seçdiniz?

- Marağım var idi, dəqiq fənləri o qədər də sevmirdim. Ümumiyyətlə mən uşaqlıqdan tarixi romanları çox sevirəm. Ona görə də üstünlüyü tarixə verdim. Həm də anamın əmisi oğlu yaxşı tarix müəllimi idi, o da məndə maraq yaratdı. Beləliklə, tarixçi olmağa qərar vermişdim. 1992-ci ildə ilk test üsulu ilə universitetə qəbul olanlardanam, 441 bal toplamışdım. Bundan əvvəl sənədlərimi Türkiyə universitetlərinə vermişdim və Bursa şəhərində yerləşən Uludağ Universitetinə qəbul olunmuşdum, tarix-fənn ədəbiyyatı fakültəsinə. Amma orada oxumağa getmədim, çünki maddi vəziyyət yaxşı deyildi, qorxdum ki, yaşaya bilmərəm.Amma sonra bəlli oldu ki, Türkiyəyə gedən tələbələr dövlət hesabına oxuyacaq. Təəssüflənmədim, o zamanlar xaricdə oxumaq indiki kimi dəbdə deyildi. Səhv etmirəmsə 3 ay sonra Azərbaycanda universitetlərə qəbul keçirilirdi. Mən də imtahan verib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum.

- Jurnalistikaya maraq tarix fakültəsində oxuduğunuz zaman yarandı?

- Açıq etiraf edim ki, jurnalistikaya məni işsizlik və bir də ətrafımda bu sahədə çalışanlar gətirib. Tələbəliyin son 3 iliniuniversitetin yataqxanasında yaşayırdım. Bizim yataqxanada çoxlu bir neçə qalırdı, onlar müxtəlif qəzetlərdə işləyirdilər. Universiteti bitirib rayon Təhsil şöbəsinə getdim, ordan da ucqar bir dağ kəndinə... Dedilər ki, "bax gör işləyə bilsən, gəl bizə de, adını təsdiqləyək həmin məktəbə". Məsləhət görülən kəndə getdim, qala bilmədim, çox darıxdırıcı kənd idi. Oradan qayıdanda heç evə getmədim, birbaşa rayon mərkəzindən Bakıya gəldim. Ancaq Bakıya çatanda şəhər mənim üçün qəribə göründü, çünki gedəcək yerim yox idi. Yataqxanada kirayə qaldığım otağı təhvil verib getmişdim, artıq o qaldığım otaqda məcburi köçkünlər yaşayırdı. Tələbə yoldaşlarım da hərəsi bir rayona getmişdi, Bakıda qalan az idi. Əmim oğlu köhnə "Qələbə" kinoteatrında mebel dükanı işlədirdi. Sağ olsun işlə təmin etdi. Oradan mebel alırdılar, biz də daşıyırdıq. Ağır mebelləri, divanları ayaqla 8-ci, 9-cu mərtəbəyə qaldırırdıq. İndiki kimi yeni tikilən binalar deyildi ki, yük üçün liftləri olsun, 5-6 ay işlədim, sonra gördüm belə davam edə bilməz.

Sonra dostları axtardım, Əsəd Cahangirlə rastlaşdıq, bir yataqxanada qalmışdıq, münasibətimiz yaranmışdı o vaxtdan. Əsədin köməyi ilə "Ekspress" qəzetində işə başladım. İlk yazımı da heç vaxt unutmuram, Nizami rayonunda Nizami parkı var idi, indi bilmirəm adı nədir? Oradan bir yazı yazmışdım, yazımın adı da "Sahibləri daşa dönmüş park" idi. Redaksiyadan demişdilər "bir yazı gətir, tənqidi olsun". Mən də o tərəfə getmişdim, gördüm park bərbad gündədir, içi daş-kəsəkdir, baxımsızdır. Bir az da məcazi mənada yazının adını "Sahibləri daşa dönmüş park" qoydum. Qəzetdə əmək haqqı az idi, o vaxtı "Vətəndaş həmrəyliyi" qəzeti dərc olunurdu. Bir-iki ay da o qəzetdə də işlədim. Sonra da keçdim "Avrasiya" qəzetinə. Orada da maaş problemi var idi, vaxtında ala bilmirdik. Problemlər, qayğılar hələ də mənimlə idi.

1999-cu ildə bizi yeni yaranan "Azadinform" İnformasiya Agentliyinə dəvət etdilər. Elə həmin ildən indiyə qədər də orada çalışıram. Əvvəl müxbir kimi işlədim, sonra siyasət şöbəsinin müdiri, parlament müxbiri oldum. Həm Ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə prezident müxbiri oldum, sonra da baş redaktor. O vaxt "Azadinform"da 60-70 nəfərlik böyük bir kollektivimiz var idi.

- Jurnalist olmasaydınız, tarixə davam edərdinizmi?

- Mən Bakıya geri qayıdanda sonra həm də Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxudum. Aspiranturanı bitirsəm də müdafiə edə bilmədim. Məişət qayğıları imkan vermədi, mənimlə bir vaxtda qəbul olunanlar müdafiə edə bildilər, amma mən yox. Çünki iki işi bir əldə tutmaq qeyri-mümkün idi. Parlament müxbiri idim, Milli Məclisə getməliydim. İşimiz Fikrət Əmirov küçəsində idi, həmin küçədə bir neçə siyasi partiya yerləşirdi. Parlamentə getmədiyim günlərdə həmin partiyaların ofislərini bir-bir gəzib xəbər toplayırdım. İndi jurnalistika çox rahatdır. Baxıram ki, "Facebook"-da mesencerdən sualı göndərib açıqlama alırlar. Yaxud da telefonla zəng vurub çox rahat açıqlama almaq mümkündür.

Düzdür, o vaxtı da telefonlar var idi, amma indiki kimi ağıllı telefonlar deyildi. Biz mütləq o partiyaların qərargahlarının qapısını döyməliydik ki, xəbər ala bilək. Eyni zamanda o vaxt prezident Heydər Əliyev xaricə gedib-gələndə gözləyib qarşılayırdıq, yaxud da Hava Limanından yola salırdıq, protokol belə idi. Xarici qonaqlar gəlirdi, onların qarşılanması üçün jurnalistləri aparırdılar. Bütün heyətlərdə mən də olurdum, ona görə Akademiyaya getməyə vaxt olmurdu.

Amma təbii ki, jurnalist olmasaydım, maddi vəziyyət yaxşı olsaydı, ucqar bir dağ kəndində tarix müəllimi də işləyə bilərdim. Çünki mən sakitliyi sevən insanam. Zaman, həyat, irəlidəki problemlər planlarımın qarşısını aldı.


Xəbərə aid fotolar