Bir qrup şəxsin əlillik təyinatları ləğv edilib və sənədlər Baş Prokurorluğa göndərilib


Digərləri 06 Mar 2019 14:37:00 231 0

Bir qrup şəxsin əlillik təyinatları ləğv edilib və sənədlər Baş Prokurorluğa göndərilib

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (Forma 88) əsasında aparılmış əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.

Qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir. Göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi üçün müvafiq hərbi-həkim komissiyasının verdiyi şəhadətnamə və qərar əsas götürülür.

Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşlar tərəfindən səhiyyə müəssisələrinə təqdim olunmuş qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyən edilib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilmiş siyahı və hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.