Şirkətlər və futbol klubları üçün yeni imkanlar - TƏHLİL


İdman 06 Mar 2019 14:18:00 302 0

Şirkətlər və futbol klubları üçün yeni imkanlar - TƏHLİL

Azərbaycanda futbol klublarına sponsorluq edəcək şirkətlərə güzəşt tətbiq olunacaq.

Bu məsələ Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. 106.1.18 maddəyə uyğun olaraq, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə vergidən azad olunur. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məsələn, “A” MMC uşaq futbolunun inkişafı məqsədilə futbol klubunun bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə “A” MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edibsə, şirkətin futbol klubuna köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10%-dən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır: 40.000 - 4.000 (40.000 x 10% = 4.000) = 36.000.

Məcəllədəki dəyişiklikdən idman sektoru daha çox faydalana bilər. Bu istiqamətdə ilk addımı AFFA atmaq niyyətindədir. Qurum Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri üçün apreldə konfrans təşkil edəcək. Tədbirə UEFA-dan da nümayəndə dəvət ediləcək. 

Bəs futbol komandaları Vergi Məcəlləsindəki dəyişiklikdən necə yararlana bilərlər?  

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov hesab edir ki, bu dəyişiklik idman, o cümlədən futbol sektoruna yeni sponsorların cəlb edilməsi üçün əlavə təkan olacaq. Onun sözlərinə görə, bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür: “Yenilik ondan ibarətdir ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də idman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülürsə, həmin hissə bu ilin yanvarından 10 il müddətinə vergidən azad olunur. Güzəştin şirkətlər üçün maraqlı olacağına inanıram. Lakin bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür. Məhz klublar təşəbbüs göstərməli, yeni sponsorların tapılması üçün konkret addımlar atmalıdırlar. Məsələn, şirkətləri fəaliyyət sektorlarına uyğun olaraq, bir neçə qrupa bölmək və hər biri üçün uyğun reklam paketləri hazırlayıb, təqdim etmək mümkündür. Təkliflər elə formada hazırlanmalıdır ki, şirkətlər əməkdaşlıqda maraqlı olsunlar”.

E.Eyvazov klub və şirkətlərin məhsulların dəyişdirilməsi üsulu ilə əməkdaşlığa xüsusi diqqət ayırmalı olduqlarını düşünür. Klub rəsmisi buna misal olaraq, “Neftçi” və “Vita1000” arasında bağlanmış sponsorluq müqaviləsini göstərib: “Sponsorluq müqavilələri yalnız kommersiya xarakterli olmur. Təəssüf ki, bizim futbol sektorunda barter, yəni məhsulun dəyişdirilməsi yolu ilə klub və şirkətlər arasında sponsorluq anlaşmalarına az rast gəlinir. Halbuki bu istiqamətdə ciddi işlər görmək olar. Klublar öz tələbatlarına uyğun məshulları məhz bu üsulla əldə edə bilərlər. Məsələn, “Neftçi”nin “Vita1000”lə müqaviləsi var. Razılaşmaya əsasən, şirkət bannerlərinin stadion, eləcə də müxtəlif tədbirlərdə yerləşdirilməsinin müqabilində klubu mineral su ilə təmin edir. Eyni şeyi geyim, qida, nəqliyyat şirkətləri, tibbi müəsssisələr, otellər və digərləri ilə də etmək olar. Xarici ölkələrdə futbol klublarının ana sponsorlardan əlavə, 30-40 kiçik sponsorları var və onlardan gələn vəsait az qala büdcənin yarısını təşkil edir”.

İqtisadçı-ekspert Samir Əliyev də Vergi Məcəlləsindəki müvafiq dəyişikliyi müsbət qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər: “Bu dəyişiklik elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrini stimullaşdırmaq üçün atılmış addımdır. Lakin şirkətlərin güzəştdən yararlanmaqda nə dərəcədə maraqlı olacaqlarını zaman göstərəcək. Bir qayda olaraq, maliyyələşmə məsələsində iri şirkətlər maraqlı olurlar. Kiçik şirkətlər nadir hallarda bu cür sahələrə vəsait ayırırlar. Ancaq istənilən halda, dəyişikliyi müsbət qiymətləndirirəm. Şirkət sponsorluq müqaviləsini məhsulunu reklam etmək üçün bağlayır. Söhbət futbol klubundan gedirsə, burada düşüncə belədir ki, komandanın oyununu məsələn, 100 min adam izləyəcək və onlar şirkətin məhsulunu bannerlərdə görəcəklər. Halbuki bəzi saytları çıxmaq şərti ilə, digərlərində həmin reklamı o qədər adam görmür. Futbolda isə reklam olunan brendin izlənilmə ehtimalı daha yüksəkdir. Ancaq əsas məsələ Azərbaycan Premyer Liqasının oyunlarına stadion və televiziya vasitəsi ilə neçə nəfərin baxmasıdır. Məsələn, telekanallarda nümayiş etdirilən verilişlərin reytinqi tərtib olunarkən subyektiv yanaşma olur. Futbolla bağlı real, obyektiv məlumatlar olmalıdır. Şirkət sponsorluq etdiyi klubun oyununa 100 min nəfərin baxdığına əmin olsa, vəsait ayırar. Bizdə təəssüf ki, milli çempionata böyük maraq yoxdur. Yalnız yığmanın və klubların avrokubok matçlarına çox adam baxır. Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər”.

S.Əliyev daha bir problem kimi istehsal bazarının olmamasını göstərib: "Azərbaycanda yayımlanan seriallara diqqət yetirin – baş sponsor filmin içində də öz məhsullarını yerləşdirir. Filmin mahiyyəti qalır bir kənarda, ancaq reklam gedir. Bizdə sponsorlar daha çox bahalı xidmət göstərən özəl klinikalar, həkimlərdir. İstehsal şirkəti yox dərəcəsindədir. Reklam bazarının olmamasının əsas səbəblərindən biri istehsal bazarının zəif olmamasıdır. Daha çox idxaldır. Yəni, bütün bunlar bir-birinə bağlı məsələlərdir. Sponsorların azlığı, reklam bazarının zəif olması təkcə futbol sektoruna mənfi təsir etmir”.

AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev isə bildirib ki, milli assosiasiyanın tərəfdaşlıq etdiyi əksər şirkətlər özəl sektora aid olduqlarından, Vergi Məcəlləsindəki dəyişiklik onlara da sirayət edəcək. “Biz futbol sponsorluğunun ölkəmizdə biznesə də faydalı olduğuna inanırıq. Məqsədimiz təkcə sosial xarakterli deyil, həm də hər iki tərəf üçün səmərəli və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. Tərəfdaşlıq yalnız sosial xarakterli olduqda və tərəfdaş şirkətlər hər hansı iqtisadi çətinliklə qarşılaşdıqda, düşünmədən birinci həmin xərcləri təxirə salır. Bununla da maliyyə mənbəyi davamlı olmur və tərəfdaşlığın nə dərəcədə uğurlu alınmasından asılı olmayaraq, davamiyyətinə təsir gücümüz olmur. Vergi məcəlləsindəki məlum dəyişiklik isə şirkətlərə sponsorluq xərclərində qənaət etməyə və yeni sponsorların cəlb olunmasına şərait yaradacaq”.

Federasiya rəsmisinin sözlərinə görə, sponsorluq məsələsində klublardan şirkətlərə düzgün yanaşmanın olması zəruridir: “Biz il ərzində öncədən müəyyən etdiyimiz biznes sahələri üzrə onlarla şirkətlə görüşüb müzakirələr aparırıq. Uğurlu tərəfdaşlıq üçün qarşı tərəfin gözləntilərini bilmək və buna uyğun məhsul təklif etmək önəmlidir. Kommersiya müqavilələri ilə yanaşı, barter xarakterli sponsorluq anlaşmaları da bağlamaq mümkündür. Bunun üçün klublar öz xərclərini gözdən keçirməli, buna uyğun şirkətlər tapmalıdırlar. Məsələn, səyahət, sığorta, nəqliyyat və digər bir çox sahədən olan şirkətlərlə əməkdaşlıq etmək olar”.

Mütəxəssislərin də vurğuladığı kimi, Vergi Məcəlləsinə edilən dəyişiklik elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların stimullaşdırılmasına xidmət edir. Güzəştin effektiv olması üçün hər iki tərəfin fəallıq, təşəbbüs göstərməsi zəruridir. Məsələn, futbol klubları öz tələblərini qarşılayacaq sponsorlar tapıb, onlara uyğun reklam paketləri təklif etməlidirlər. Şirkətlər isə futbol sektorunu analiz etməli, məhsulunu daha böyük auditoriyaya çıxaracaq klubları müəyyənləşdirməlidirlər...