Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələləri müzakirə olunub


Digərləri 06 Mar 2019 14:35:57 231 0

Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələləri müzakirə olunub

İrana səfəri çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın enerji naziri Reza Erdekanian ilə görüşüb.

Bakı. İrana səfəri çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın enerji naziri Reza Erdekanian ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz arasında “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb. Bu layihələrin tikintisi və istismarı üzrə Birgə Texniki Komissiya yaradılıb. Bundan başqa, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2018-ci ildə İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığa töhfə verir. 2018-ci ildə Bakıda Azərbaycan, İran və Rusiya elektrik enerjisi sistemlərinin birləşdirilməsi məqsədilə hər üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib, üçtərəfli işçi qrup yaradılıb. 2018-ci ilin oktyabrında Moskvada işçi qrupun ilk iclası keçirilib.