Maaşınızdan bu qədər sığorta tutulacaq


Digərləri 06 Mar 2019 12:14:00 249 0

Maaşınızdan bu qədər sığorta tutulacaq

Son.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Artıq icbari tibbi sığorta ölkə ərazisində 2020-ci ildən tətbiq edilməyə başlanılacaq. Bu məsələnin tətbiqini ölkə vətəndaşları uzun illərdir gözləyir.  Layihənin bu qədər gecikməsinin səbəbləri nə idi?

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) cənab Prezidentin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən fəaliyyətə başlayıb. Agentlik fəaliyyətə başladığı dövrdən bu günə kimi bir çox işlər görüb. İlk olaraq, cənab Prezidentin 29 noyabr 2016-cı il tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib və 1 yanvar 2017-ci il tarixindən etibarən həmin ərazilərdə icbari tibbi sığorta (İTS) pilot layihə şəklində tətbiq olunmağa başlanıb. Ölkə başçısının 16 fevral 2018-ci il tarixli 1830 nömrəli Fərmanı ilə İTS-nin tətbiqinin pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilməsi müəyyən edilib.

İTS-nin tətbiqi dövlətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. Ölkə başçısının tapşırığına əsasən respublikamızda kifayət sayda yeni tibb müəssisələri inşa olunub. Bəzi tibb müsəssisələri infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə yenidən qurularaq, tibbi avadanlıqlarla təchiz ediliblər.  Növbəti mərhələdə İTS-nin tətbiqi labüd bir məsələ idi. Çünki həmin tibb müəssisələrinin maliyyələşməsində artıq əlavə vəsaitlərə ehtiyac yaranırdı. İTS-nin də tətbiqi səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən layihədir. Bildiyiniz kimi, bu günə kimi tibb müəssisələri dövlət büdcəsindən maliyyələşirdi. Ancaq İTS-nin tətbiqindən sonra həmin tibb müəssisələri artıq göstərdikləri xidmətlərə görə vəsaitlər əldə edəcəklər. Həmin vəsaitlərin əsas hissəsi Agentlik tərəfindən ödəniləcək.

Agentlik pilot ərazilərdə Agentliyin tabeliyinə verilən tibb müəssisələrini elektronlaşdırdı. Həmin tibb müəssisələrindən Agentliyə məlumatlar elektron qaydada daxil olurlar. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı yüksək səviyyəyə çatdırılıb. 

Qeyd edim ki, 2019-cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Cənab Prezidentin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi Agentliyə həvalə olunur. 

Bu il ərzində Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələrində kifayət qədər işlər görəcək. Bunlar əsasən həmin tibb müəssisələrinin elektronlaşdırılması, infrastruktur təminatının yaxşılaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər, əhali və tibb işçilərini maarifləndirmək məqsədilə təşkil ediləcək təlimlərdir.

- Pilot region sakinlərinin icbari tibbi sığortanın tətbiqinə münasibətləri necədir?

- Qeyd edim ki, ölkə başçısının tapşırığına əsasən Agentlik pilot ərazilərdə ümumi əhali arasında, eləcə də öz təşəbbüsü ilə xəstə və tibb işçiləri arasında İTS-nin tətbiqinə dair məmnunluq sorğuları keçirib. Sorğuların nəticəsi onu göstərir ki, pilot ərazi sakinlərinin əldə edilən tibbi xidmətlərdən məmnunluqları artıb. Həmçinin nəticələrə görə İTS-nin tətbiqindən məmnunluq səviyyəsi 80 faizdən yuxarıdır.

- İcazə verin, sizin bu fikirlərinizə oponentlik edim. Azərbaycanda insanların əksəriyyətinin bizim səhiyyə sisteminə inamının olmaması ilə bağlı zaman-zaman müxtəlif səviyyələrdə iradlar səsləndirilib. Elə buna görədir ki, onlar müayinə və müalicə olunmaq üçün xaricə üz tutublar. İndi siz əminliklə deyə bilərsinizmi ki, artıq yeni bir sistemlə baxışlar dəyişəcək? 

- Bildiyiniz kimi, ölkədə səhiyyə sektoru inkişaf etməkdədir. Bu, cənab prezidentin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Kifayət qədər sayda tibb işçisi xaricdə təhsil alaraq ölkəyə qayıdıb. Türkiyə, Almaniya, Rusiya, Ukrayna və s. ölkələrdə təhsil almış həkimlərimiz var. Bu həkimlər əldə etdikləri təcrübə, qazandıqları yeni bilik və bacarıqlar çərçivəsində ölkə əhalisinə xidmət göstərirlər. Kadr potensialının artırılması istiqamətində Agentlik pilot ərazilərdə bir sıra tədbirlər görür. Qeyd edim ki, Azərbaycanda ailə həkimi institununun yaradılmasına İTS-nin pilot layihə çərçivəsində tətbiq olunduğu regionlarda başlanılıb. Ölkə üzrə bu institutun yaradılması üçün işlər görüləcək. Agentlik pilot ərazilərdə sözügedən sahə üzrə təlimlər təşkil edib. Türkiyədən ailə həkimi institutunun nümayəndələri Bakıya dəvət olunublar. Onlar pilot ərazilərdə Ailə Sağlamlıq Mərkəzlərində çalışan tibb işçilərinə təlimlər keçiblər. Pilot tibb müəssisələrində çalışan bir sıra həkimlər Türkiyə və Rusiyaya təlimlərə göndəriliblər. Bunun da nəticəsidir ki, pilot tibb müəssisələrində ilk dəfə olaraq laparoskopik, endoskopik cərrahiyyə əməliyyatları həyata keçirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında artıq laparoskopik, yəni, qapalı üsulla ümumi, uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir. Buna görə də artıq pilot ərazilərdə yaşayan sakinlərin Bakıya, Gəncəyə və digər mərkəzləşmiş tibb müəssisələrinə müraciət etmələrinə ehtiyac qalmayıb.

İTS-nin tətbiqi ilə tibb müəssisələrinə daxil olan vəsaitin məbləği artacağı üçün onlar keyfiyyətli tibbi xidmətlər göstərməyə və daha da effektiv fəaliyyət göstərməyə çalışacaqlar. Səhiyyə sisteminə daxil olan tibb müəssisələri arasında sağlam rəqabətlilik yaranacaq. Vətəndaşlar da hansı tibb müəssisəsi daha keyfiyyətli tibbi xidmət göstərirsə, əminliklə həmin tibb müəssisəsinə müraciət edəcəklər. Bu da nəticə olaraq ölkədən xaricə müayinə və müalicə üçün gedən vətəndaşlarımızın sayının azalmasına gətirib çıxaracaq.

- Pilot layihələrin tətbiq olunduğu regionların insanları ilə canlı ünsiyyətdə olan biri kimi deyə bilərəm ki, icbari tibbi sığorta sisteminə hələ də inamı az olanlar var. Onlar düşünürlər ki, pulsuz necə keyfiyyətli tibbi xidmətlər əldə etmək olar? Halbuki bu, dünyada tətbiq olunan sistemdir. 

- Öncə onu qeyd edim ki, "tibbi xidmətlər pulsuzdur" fikri səhv yanaşmadır. Pilot ərazilərdəki tibb müəssisələrində sakinlərə göstərilən tibbi xidmətlərin ödənişi Agentlik tərəfindən qarşılanır. Yəni, bu o deməkdir ki, pilot ərazi sakinləri tibbi xidmətləri alan zaman xəstəxanaya heç bir ödəniş etmirlər. Tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin müqabilində Agentlik tərəfindən vəsait ödənilir.

Yuxarıda qeyd etdiyim kimi, əhali arasında keçirilən məmnunluq sorğularının nəticələrinə görə pilot region sakinlərinin İTS-nin tətbiqinə münasibətləri müsbətdir (84.1%). Qısa müddətdə məmnunluq səviyyəsinin artması yaxşı göstəricidir.

- Tibb işçilərinin icbari tibbi sığortanın tətbiqinə münasibətləri necədir?

- İTS-nin tətbiqindən sonra pilot tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırıldı. Tibb işçilərinin arasında aparılan sorğunun nəticəsindən də belə məlum olur ki, onlar aldıqları əmək haqlarından məmnundurlar və deyə bilərəm ki, sakinlərə yüksək səviyyədə tibbi xidmətlər göstərirlər. Agentlik olaraq bizim üçün də əsas vacib məsələ odur ki, əhali göstərilən tibbi xidmətlərdən məmnun qalsın. İkincisi isə tibb heyətinin işdən məmnunluq səviyyəsinin artırılmasıdır. Bu məmnunluğun əsas tərəfi də maddi rifahın yaxşılaşdırılmasıdır. Qeyd edə bilərik ki, pilot ərazilərdə çalışan tibb işçiləri İTS-nin tətbiqindən məmnundurlar. 

Gələcək dövrlər üçün Agentliyin əsas hədəflərindən biri odur ki, tibb müəssisələri tibbi xidmətləri keyfiyyətli şəkildə əhaliyə təqdim edə bilsin. Bunun üçün də xüsusi indikatorlar var. Bunların da tətbiqini Agentlik həyata keçirəcək.

- Rəqəmlərlə deyə bilərsinizmi ki, pilot regionlarda həkimlərin maaşı nə qədər artıb? Çünki elə həkimlər var idi ki, bu sistemdən sonra aldıqları məvacib onları qane etmirdi və onlar özəl klinikalarda işləməyə üstünlük verirdilər...

- "Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi" Qaydaları müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində onların əmək haqlarına stimullaşdırıcı əlavələr və həkimlərin fəaliyyətinin kəmiyyət göstəricilərinin dəyərləndirilməsi məqsədilə normativlərlə bağlı əlavələr, orta və kiçik tibbi işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilir.

Bu əlavələrin nəticəsində də yeni fəaliyyət göstərən həkimlərin əməkhaqları 360-850 manat arası təşkil edir. Qaydalara əsasən ixtisaslar üzrə əmək haqlarının məbləği dəyişir. 

Motivasiya məqsədilə yeni iqtisadi mexanizmlər tətbiq olunması tibb işçiləri arasında məmnunluq səviyyəsinin yüksəlməsinə səbəb olub. Bu da tibbi xidmətlərin keyfiyyətinə təsir edən amillərdəndir. Məlumat üçün deyim ki, pilot tibb müəssisələrində 5-6 min manatadək gəlir əldə edən həkimlərimiz var. 

- Əgər pilot layihələrin tətbiq olunduğu regionlarda həkim əməliyyat üçün xəstədən pul tələb edirsə, hara müraciət etmək lazımdır?

- Pilot ərazilərin sakinləri tibbi xidmətlərin ödənişinin Agentlik tərəfindən edildiyi haqda kifayət qədər çox məlumatlıdırlar. Əhali ilə görüşlərimizdə də onlara məlumat veririk ki, belə hallara rast gəlinərsə, birbaşa Agentliyə, yaxud da xəstəxana rəhbərliyinə müraciət edə bilərlər. Sakinlər [email protected] poçt ünvanına yaza, eyni zamanda (012) 310 07 70 telefon nömrəsinə zəng edərək şifahi məlumat ala bilərlər.

Qeyd edə bilərəm ki, Agentliyə daxil olan vətəndaş müraciətlərinə xüsusi diqqət və tələbkarlıqla yanaşılır. Hər bir müraciət Agentliyin İdarə Heyətinin sədri tərəfindən oxunur və ciddi şəkildə araşdırılır. Ehtiyac olduğu təqdirdə cəza tədbirləri də görülür.

- Bu məsələ ilə bağlı nə qədər həkim cəzalandırılıb?


Xəbərə aid fotolar