İran Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırıb


Digərləri 06 Mar 2019 10:20:00 203 0

İran Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırıb

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-İran əlaqələrindən danışan nazir Şahin Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib.


Xəbərə aid fotolar