BMT: Dünyadakı 93 milyon əlil uşağın əksəriyyətinin hüquqları pozulur


Dünya 06 Mar 2019 04:30:00 239 0

BMT: Dünyadakı 93 milyon əlil uşağın əksəriyyətinin hüquqları pozulur

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə Ali komissarı Mişel Baçelet təşkilatın Cenevrədəki ofisində Uşaq Haqları Konvensiyasının qəbul olunmasının 30 illiyi münasibətilə keçirilən İnsan Haqları Şurasının iclasında bildirib ki, dünyadakı 93 milyon əlil uşağın əksəriyyətinin hüquqları onların dünyaya gəldiyi andan pozulur. Bu azyaşlıları bir çox hallarda keçmişin ağır irsi olan internatlarda yerləşdirir, qeydiyyata almır, qayğıdan, ailə və mənzil hüququndan məhrum edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ali komissarın sözlərinə görə, fiziki imkanları məhdud olan uşaqlar özlərinin sağlam həmyaşıdları ilə müqayisədə daha çox zorakılığa və təhqirlərə məruz qalırlar. O əlavə edib: "1989-cu ildə Uşaq Haqları Konvensiyası qəbul edildikdən sonra bu sahədə böyük irəliləyiş əldə olunub. Lakin həmin Konvensiyanın qəbul olunmasının 30-cu ildönümündə biz həqiqəti etiraf etməliyik: hər gün milyonlarla uşağın elementar hüquqları pozulur və onların arasında çoxlu fiziki imkanları məhdud olan azyaşlılar var".

M.Baçelet vurğulayıb ki, bu kateqoriyadan olan uşaqların qayğısına qalmaq, ilk növbədə, onların təhsil hüququnu təmin etmək dövlətlərin borcudur. Onun sözlərinə görə, əlil uşaqların həyatını ağırlaşdıran daha bir problem onların xüsusi məktəblərdə, internatlarda və bənzər təhsil müəssisələrində yerləşdirilməsidir.