İnsanın dinə niyə ehtiyacı vardır?


Digərləri 05 Mar 2019 21:20:00 203 0

İnsanın dinə niyə ehtiyacı vardır?

Dinşünasların nəzərinə görə din - insanın dünya və axirət səadətini təmin etməsi üçün zəruridir. Bu sahədə dinin faydaları barəsindəki nəzərlərə diqqət edək.

1. Ağlı inkişaf etdirər. Ağıl, insanın dünya və axirət səadətini təmin etmək üçün kifayət etməz. Əslində ağılın bu yolda dinə ehtiyacı vardır. Çünki ağıl bəzi həqiqətləri dərk etməkdə acizdir. Haqq ilə batili ayıran zaman şəkkə düşər. İmam Əli (ə) buyurur:"Allah rəsullarını göndərmişdir ki... ağıl xəzinələrini aşkar etsinlər".

2. Qanun tərtib etmək. Son.az deyerler.org-a istinadən bildirir ki, filosofların nəzərinə görə, insan ictimai varlıq olduğu üçün, mütləq qanun və qaydalara ehtiyacı vardır. Çünki, qanun olmadan cəmiyyətdə əmin-amanlığı təmin etmək mümkünsüzdür. Ağıl və elm insanın həqiqi ehtiyaclarını ödəyə bilən kamil qanunlar verməyə qadir deyildir. Ağıl və elmin başında din olmalıdır ki, insana xeyirli və zərərli olan qanunları göstərə bilsin. İmam Sadiq (ə) buyurur: "Allahın bəndələri arasında səfirləri vardır ki, Onun göstərişlərini onlara çatdırsınlar. Onların fayda və mənafeyi olan şeylər oradadır".

3. Əxlaq və tərbiyə. İnsanın əxlaq və tərbiyə sahəsində də dinə ehtiyacı vardır. Çünki ağıl tək halda insanı əxlaqi cəhətdən inkişaf etdirməyə acizdir. Bu səbəbdən bu gün cəmiyyətdə insanlar daha çox dünya ləzzətlərinə və sərvətə can atırlar. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, mən əxlaqı kamil etmək üçün məbus olmuşam".

Bu hədis o həqiqəti təsdiq edir ki, ağıl tək halda insana əxlaqi fəzilətləri öyrədə bilməz və insanı islah edə bilməz.

4. Hüzurlu həyata hidayət etmək. İnsanın iki tərəfi vardır: maddi və mənəvi. Hər iki tərəfin hidayətə və yol göstərənə ehtiyacı vardır. Ağıl və elm insanın maddi tərəfini inkişaf etdirə bilər. Ancaq mənəvi tərəfin inkişaf etməsi üçün dinin olması zəruridir. "De: "Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr, deyin: "Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq"". ("Ali-İmran" 64).