“Ola bilər ki, o an Zeynəb xanıma nəsə qəribə hal gəldi”


Kriminal 05 Mar 2019 13:30:00 295 0

“Ola bilər ki, o an Zeynəb xanıma nəsə qəribə hal gəldi”

Xalq artisti Afaq Bəşirqızının prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söylədiyi fikirlər istər sosial şəbəkələrdə, istərsə də, KİV-lərdə gündəmi zəbt edib.

Son.az bildirir ki, qafqazinfo sözügedən çıxış və bu mövzü ətrafındakı müzakirələrlə bağlı xalq artisti ilə görüşərək söhbətləşib:

- Afaq xanım, siz fasiləsiz çalışan bir aktrisasız. Teatrda tamaşalarınız, çəkildiyiniz filmlər və seriallar var. Amma son günlər prezidentlə məlum görüşdəki çıxışınız, "Xocalı laylası" layihəniz daha çox müzakirə olundu, təqdiralayiq hesab edildi. Siz necə düşünürsüz? Aktrisa sırf öz peşəsi ilə məşğul olmalıdır, yoxsa ictimai əhəmiyyətli işlər də vacibdir?

- Həmin o başını aşağı salıb işini görən incəsənət xadimi Xalq artisti fəxri adını istəyir axı. Düzdür, ada layiq görülməsini sənətinə görə istəyir. Amma bir titulun üstündə "xalq" varsa, deməli, xalqı fikirləşməli, düşünməlisən. Ən azından vətəndaşsan, şəxsiyyət vəsiqəsində bu ölkənin vətəndaşı olduğun qeyd edilir. Bəs Azərbaycanın lazım olan məqamında səsini çıxarmırsansa, kim səsini çıxarmalıdır? Məndən keçdi, dostuma dəydi? Bu qədər eqoistlik nəyə lazımdır?!

Düz deyirsiz, mən hər zaman sənətimlə öndə olmaq istəmişəm. Amma indi elə bir məqam gəlib çatdı ki, öz borcumu yerinə yetirdim. 

- Dövlət başçısı ilə görüşünüzdəki çıxış planlaşdırılmışdımı? Problemləri söyləmək barədə qabaqcadan qərar vermişdiz?

- Xeyr, əvvəldən hazırlanmış çıxış deyildi. Ümumiyyətlə, mənə heç söz də verilməmişdi. Həyəcanımı yəqin ki, hiss etmişdiz. Açıq danışaq, çox dəvətlərə gedə bilmirəm. Geniş auditoriyaya çıxmağı çox sevmirəm. Mən görüş anında prezidentimə sözlərimi birnəfəsə çatdırmaq istədim. Açığı, fikirləşmişdim ki, teatrın problemini imkan olsa səsləndirim. Amma bizə dedilər ki, yox, çıxışa icazə verilmir. Mən də bu barədə fikirləşmədim.  

Bilirsiz ən dəhşətlisi nədir? Biz heç kəsə dərdimizi danışa bilmirik. Aktyor, sənətkar elə bir zirvədə olmalıdır ki, desinlər, İlahi, nə vaxt ona əlimiz çatacaq? Amma aktyorun içindəki dərdini, evsizliyini, işsizliyini, pulsuzluğunu, imkansızlığını görəndə adiləşir. Bir misal çəkim. Hüseyn Ərəblinskinin evi yox idi, amma barmağına böyük bir üzük taxırdı. Yəni əsl aktyor həyatın gözündən pərdə asmağı bacarmalıdır. Çünki sən həmişə toxunulmaz, əlçatmaz kimi qalmalısan. Zirvə fəthi insanın sonu, sənətkarın son nöqtəsinin qoyulması deməkdir. Ona görə heç bir sənətkar ölümündən qabaq zirvəyə çatmayıb. 

- Sosial şəbəkələrdə müzakirə olundu ki, niyə Rasim Balayev, Flora Kərimova kimi insanlar sözügedən görüşə dəvət olunmayıb. 

- Cənab prezident dedi ki, bu görüşlərin sayı artacaq, belə görüşlər yenə olacaq.

- Çıxışınızdan sonra hər kəs sizi müzakirə edir, sosial şəbəkədə sizin barədə postlar paylaşırlar. Şərhləri oxuyursuzmu?

- Mənim səmimiyyətimə inanın, şərhləri oxumuram. Mənim canım (red- jurnalist Türkan Məmmədli) bu barədə mənə məlumat verir. Özümə borc bildim ki, sosial şəbəkədə onların fikirlərinə cavab yazım. Yenə deyirəm, əgər mənim imkanım olsa, bir çox problemi cənab prezident və Mehriban xanıma çatdıraram. Bu, mənim vətəndaşlıq borcumdur. Bilirsiz, mən həmişə demişəm ki, bir güllə bahar olmaz. Bir Afaq Bəşirqızı ilə teatr olmaz. Biz özümüzdən sonrakıları yetişdirməliyik, orta nəslə qayğı göstərməliyik. Söhbəti yox, özümü bu həyatda halal, xeyirli işlərə borclu bilmirəm. Çünki əlimdən gələni edirəm. Amma bunun heç kimə dəxli yoxdur. Bundan sonra imkan düşsə, yenə edəcəm. 

- Görüşdən sonra sizə hansı müraciətlər olundu? İstər vətəndaşlar, istərsə də, hökumət səviyyədə...

- O çıxışıma cənab prezident laqeyd qalmadı, hər şeyi qeyd etmişdi. Artıq gələn sədalardan bilirəm ki, həyata keçən qanunlar var. Artıq aktyorların ev məsələləri də işlənilir. Mən görüşdə bir ifadə işlətdim: "Cənab prezident, sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı inqilab etməliyik". Hamı hər şeyi çox gözəl bilir. Məmuru stola oturdanda demirlər ki, bura sənin ata evindir! İstəyirsənsə sök, dağıt, istəyirsənsə ye, üstündən də su iç! O, bizim qayğımızı çəkməlidir. Bizim deyəndə özümü nəzərdə tutmuram. Mənim qayğımı onların çəkməyinə şükür ki, ehtiyac olmadı. Axı sənə inanıb bu sahəyə qoyublar, sən nə edirsən? Sən hansı bir aktyora kömək etmisən? Sənə elə sahə verilib ki, aktyorlara o pulla heç olmaya 5 mərtəbəli ev tikə bilərsən. Axı səndən əvvəlkilər bunları edib.  Onların qoyduqları mirası dağıdırsan, öz eyş-işrətinə xərcləyirsən. Nə deməkdir bu?!


Xəbərə aid fotolar