Komitə sədri: "Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir"


Digərləri 05 Mar 2019 12:40:14 262 0

Komitə sədri: "Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir"

Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri bu davranışları dəstəkləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin İctimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistanda din xadimləri bu hadisələri pisləyib, onun qarşısını almaqdansa, işğal siyasətinin davam etdirilməsini təbliğ edirlər: "Dəfələrlə Ermənistanın din xadimlərinə şəhidlərimizin meyitlərinin qaytarılması üçün müraciət olunsa da, onlar bizə müsbət reaksiya verməkdən imtina ediblər. Dilqəm Əsgərov və Şahbaz Quliyevə Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. Bu baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, belə halların qarşısı alınsın".

S.Novruzov əlavə edib ki, bu gün ayrı-ayrı dövlətlər öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atır: "Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Əksinə, dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının işğal altında olması, 1 milyondan artıq insanın məcburi köçkün düşməsi, bu yaxınlarda 27-ci ildönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var".