"Azərbaycanda sosial sahədə atılan addımlar miqyası, təsir dairəsi və əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur"


Digərləri 05 Mar 2019 10:52:00 212 0

"Azərbaycanda sosial sahədə atılan addımlar miqyası, təsir dairəsi və əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur"

Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin, maliyyə imkanlarının artmasına şərait yaradıb və Prezident İlham Əliyev, ilk növbədə, bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 2019-cu ildə sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir: "Bu addımlar cənab Prezident İlham Əliyev tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bildiyiniz kimi, hazırda 12 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Bu il minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırıldı. Eləcə də dövlət qulluğunda çalışan insanların əməkhaqlarının artırılması nəzərdə tutulub. Bir sözlə, əhalinin bütün təbəqələrini əhatə edən bu addımlar insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir".

Komitə sədri, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman barədə danışıb:

"Bu fərman çox mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, bu gün dünyada çox mürəkkəb proseslər və böyük iqtisadi dəyişikliklər müşahidə edilir. Dəfələrlə qeyd etmişəm ki, neftin qiymətinin aşağı düşməsi və artması iqtisadi proseslərin deyil, siyasi proseslərin nəticəsidir. Təbii ki, bəzi dövlətlər də bundan sui-istifadə edir və nəticədə bunun əziyyətini bir çox ölkələrin vətəndaşları çəkir. Bütün bu proseslərin fonunda devalvasiyaya ən az məruz qalan məhz Azərbaycan manatı oldu. Çünki rus rublu, türk lirəsi, Çin yuanında ən azı 4-5 dəfə fərqli dəyişiklilər olundu. Məsələn, Türkiyə lirəsi 1 ABŞ dolları - 6 türk lirəsi səviyyəsinə gəlib çıxmışdı. Eləcə də Avropa dövlətlərinin özündə də avroya nisbət kəskin şəkildə dəyişdi. Məhz bunun nəticəsində kredit götürən insanlar, xüsusilə fiziki şəxslər üçün böyük problemlər yarandı. Bu gün 10 min ABŞ dolları məbləğində götürülən kreditlərin əksəriyyəti, demək olar ki, bu və ya digər şəkildə problemi həll etməkdən ötrü götürülən kreditlər idi. Elə insanlar var idi ki, bu kreditləri müalicə məqsədilə, yas, toy mərasimini yola vermək üçün götürmüşdü və s. Ümumilikdə, insanlar üçün bir növ çətinlik yaranmışdı. Təbii ki, bu da Azərbaycan əhalisinin 30 faizdən çoxunu təşkil edirdi".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bəhs olunan qərarı ilə bir daha göstərdi və sübut etdi ki, hər şey vətəndaşlar üçün nəzərdə tutulub, Azərbaycan dövləti öz vətəndaşının yanındadır:

"Əlbəttə, Azərbaycanın iqtisadi potensialı və maliyyə imkanları belə addımların atılmasına imkan verir. Bu məsələlər seçkilər dövründən başlayaraq gündəmdə idi, sonradan isə noyabr ayında dövlət büdcəsi müzakirə olunanda buraya daxil olunmuşdu. Burada banklara da heç bir ziyan dəymədi. Çünki bu addım həm bankların sağlamlaşdırılmasına, həm də inkişafına təkan verdi. Hətta deyərdim ki, banklar da buradan qazandı və vətəndaşların da problemləri həll edilmiş oldu. Digər sahələrdə də işlər gedir ki, bu da hüquqi şəxslərlə bağlı olan məsələlərdir. Bu gün dünyanın heç bir ölkəsində belə addımlar atılmır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 14 mart 2012-ci il tarixli fərmanının tarixi əhəmiyyətinə toxunmaq istərdim. Həmin fərmanla 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlandı və əmanətçilərdən müraciətlərin qəbulu müvafiq fərmana uyğun olaraq, 31 dekabr 2012-ci il tarixində başa çatdırıldı. Bu gün nə yaradılırsa, qurulursa hamısı vətəndaşlar üçündür. Məhz buna görə də Azərbaycan xalqı, ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, atılan addımları dəstəkləyir. Bu, həm də iqtidar-xalq birliyinin bariz nümunəsidir".