Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı: Bir gün mumiyalar oyanıb...


Digərləri 04 Mar 2019 22:33:00 252 0

Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı: Bir gün mumiyalar oyanıb...

Son.az publika.az-a istinadən yazını təqdim edir.

Deyirlər, arxeologiya gələcəyin elmidir. Dünyamızın hər bir canlısı da onun inkişafı üçün əlindən gələni edir. Təsəvvür edirsiniz, gün keçəcək, il ötəcək, əsr dolaşacaq, torpağa qarışan bizi gələcəyin bəlkə də yarı robot arxeoloqları keçmişin qalığı kimi qazıb çıxardacaq, sonra da muzey köşələrində saxlayacaq. Bəs tarixin bir parçası kimi sevib qoruyacaqlarmı? Çətin ki... Bunun üçün insan ürəyinin hərarəti robot dəmirinə qarışmamalıdır.

Həmsöhbətim Elina Muradovanın da dediyi kimi, qazıntılar insanı vətənə, torpağa daha çox bağlayır. Yerli insanlarla ünsiyyət isə sevgini daha da alovlandırır. Fransada yaşayıb fəaliyyət göstərən gənc və nüfuzlu arxeoloq hazırda bir sıra önəmli layihələrdə, o cümlədən Luvr muzeyinin tədqiqat komandasında yer alır.

- Kifayət qədər əsrarəngiz, sürpriz dolu peşəyə gəlişinizdən başlayaq.

- Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışam. İlk ekspedisiyaya gedəndə cəmi 18 yaşım vardı. Düşünürəm ki, ilk təcrübəm çox simvolik idi. Birinci kursda oxuyurdum. Çox həyəcanlanırdım. 2010-cu ilin iyununda fransız ekspedisiyası, növbəti ay isə yapon arxeoloji komandası ilə yola düşdük. Həmin vaxtlar ətrafdan güclü təsir hiss edirdim. Doğrudur, bu mənə çox da mane olmurdu, amma köməyimə də çatmırdı. Sonra qrant qazanıb Fransaya təhsil almağa yollandım. Sorobonn universitetinin magistr pilləsini bitirdim. Hazırda elmi işimi yazıram, həmçinin 10-cu qazıntı mövsümümü qeyd edirəm. Məncə böyük xoşbəxtlikdir.

- 10 mövsümlük böyük arxeoloji fəaliyyətin ən çətin tərəfləri hansılardır?

- Əslində mən dərimizi göynədən günəş, daimi yuxusuzluq, hər gün nəfəsimizə dolan qalaq-qalaq toz deməliyəm. Amma bütün bunlar işimizin ən həyəcanlı hissəsidir. Peşəmizə şarm qatan da budur. Düşünürəm ki, arxeologiyanın ən ağır tərəfi bürokratiya və insanlar arasındakı çaxnaşmalardır. Bilirəm, bunu deyəcəyimi gözləmirdiniz. Təəssüf ki, səthi romantik görünən ekspedisiyaların altında yorucu və mübahisəli sənədləşdirmə işləri yatır.

- Zənnimcə, arxeologiyanın ən maraqlı tərəflərindən biri də dini ayinlərlə bağlı tapıntılardır...

- Mənim sahəm dinə qədərki dövrlə bağlıdır. Təsəvvür edin, tarixin elə dövrünü araşdırırıq ki, nəinki dinlərdən, heç monoteizmdən də söhbət gedə bilməz. Amma bəzən keçmişimiz bizə sürprizlər etməyi də sevir. Tez-tez neolit dövrünə aid qazıntılar zamanı müsəlman qəbirləri tapırıq. Belə təsadüflər olduqca maraqlıdır, amma tarixlə əlaqəsi yoxdur.

- Tarix kitablarında bəzi təhriflərə yol verilsə də, arxeoloji tapıntıları tarixin özü hesab edirəm. Düşünürəm ki, ən dəqiq tarix elə bu tapıntılardır. Sizi ən çox heyrətləndirən qazıntılardan danışmağınızı istəyirəm.

- Tapıntılarımızın hamısı o qədər dəyərlidir ki, konkret birinin adını çəkməkdə çətinlik çəkirəm. Amma maraqlı bir hadisə danışacam. 2010-2015-ci illər ərzində Azərbaycan-fransız ekspedisiyasının tərkibində Tovuzda çalışırdıq. Menteş Təpə adlı ərazilərdə qazıntılar edirdik. Tapdığımız kurqanlar bizim üçün sürpriz deyildi. Lakin içərisindəkiləri görəndə heyrətə gəldik. Atlı pozasında basdırılmış iki skelet, külli miqdarda bəzək əşyaları və qiymətlı daşlar vardı. Ən maraqlısı isə zövqlə hazırlanmış keramik qab və nəhəng araba idi. Amma məsələ tapıntının özündə deyildi, qazıntı prosesi o qədər həyəcanlı, qəribə idi ki, bir anlıq həmin dövrə qayıdırdıq. Bir yandan yaradıb, digər yandan məhv edən insan oğlunun gündəlik məişəti, əsrlər öncə həmin torpaqlarda baş verənlər, həyat tərzi, sivilizasiya prinsipləri haqda düşünməyə başlayırsan. Mənim üçün həmin kurqanın qazıntısında iştirak etmək özümə güvənimi artırdı. Anladım ki, yoluma davam etməyə hazıram.

- Təbii ki, hər bir arxeoloq üçün tapıntıları olduqca dəyərlidir, hətta doğmadır. Amma söhbət zinət əşyalarından düşdüsə, qadınların dostu brilliantlardan danışaq. Qazıntılar zamanı daş-qaşlı bəzək nümunələri ilə çox rastlaşmısınız?

- Dəfələrlə. Amma yenə də qeyd edirəm, əsas məsələ onların maddi dəyəri deyil. İnsanların dəmirdən belə xəbərsiz olduqları dövrdə hazırlanma prosesidir. Yəni insanların hələ metal əldə edə bilmədikləri daş dövrünə aid qızıl əşyalarının tapılması iki məqamdan xəbər verə bilər. Ya biz yanlış yoldayıq, ya da ümumiyyətlə, tarixdən xəbərsizik.

- Necə düşünürsünüz, bu faktın təsdiqlənməsi, əsrlər boyu doğru saydıqlarımızın bir anda ifşası üçün nə qədər zaman tələb oluna bilər?

- "Tək onu bilirəm ki, heç nə bilmirəm". Düşünürəm ki, peşəsindən asılı olmayaraq, hər kəs bu prinsiplə yaşamalıdır. Tarix mövzusu da istisna deyil. Dünya haqda bütün bildiklərimiz böyük bir dəryanın sadəcə bir qum dənəsidir. Amma təbii ki, tarixə görə zərrə, bizə görə dərya sayılan bilgilər də bizim subyektiv qənaətimizdir. Unutmayaq ki, insan canlı növü olaraq hələ çox gəncdir, təəssüf ki, hər şey onun ixtiyarında deyil.


Xəbərə aid fotolar