“Həbsdə də olsam Qarabağı qaytarmağa imkan verməyəcəm...”


Dünya 04 Mar 2019 19:34:00 231 0

“Həbsdə də olsam Qarabağı qaytarmağa imkan verməyəcəm...”

Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadan "168 saat" qəzetinə verdiyi müsahibədə deyib ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan yaxasını kənara çəkməsi ona çox şübhəli görünür.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Köçəryan indiki hakimiyyətin Qarabağı qaytarmaq niyyətində olduğunu istisna etmir. Və hədələyir ki, harada olmasından asılı olmayaraq buna imkan verməyəcək.

"Paşinyan hansı izahatla maskalansa da danışıqlar şübhəsiz ki, gedir. Şübhələri isə danışıqların özü yox, baş nazirin bundan yaxasını kənara çəkmək səyləri yaradır"-Köçəryan deyib.

Onun sözlərinə görə, indiki hakimiyyətin Qarabağ nizamlanmasına dair mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək səslənməyib və məhz bu məqam narahatlıq yaradır.

"Mövqeyini formalaşdırmadan uğurlu danışıqları necə aparmaq olar? Danışıqlar oturub söhbət etmək deyil, əldə edilmiş uğurları möhkəmləndirmək alətidir. Qarabağ nizamlanmasında bir sıra prinsipial məqamlar var və hakimiyyət danışıqları başlamazdan əvvəl onların barəsində dəqiq yanaşmalara malik olmalıdır"-Köçəryan belə deyib.

Ermənistanın eks-prezidentinin və bu ölkəni 20 il idarə etmiş kriminal-hərbi rejimin əsas simalarından birinin fikrincə Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanı "asanlıqla aldadıb". Çünki Düşənbədə keçirilmiş "lift danışıqları" 2016-cı ilin aprel müharibəsindən sonra çətinliklə əldə edilmiş Vyana və Sankt-Peterburq razılaşmalarını "dəfn edib".