Trend İnformasiya Agentliyində "Azərbaycan və Rusiyanın iqtisadi və investisiya əməkdaşlığı: yeni artım nöqtələri” mövzusunda MoskvaBakı videokörpüsü keçirilib FOTO


Siyasət 04 Mar 2019 19:14:00 234 0

Trend İnformasiya Agentliyində "Azərbaycan və Rusiyanın iqtisadi və investisiya əməkdaşlığı: yeni artım nöqtələri” mövzusunda MoskvaBakı videokörpüsü keçirilib  FOTO

Martın 4-də Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində "Azərbaycan və Rusiyanın iqtisadi və investisiya əməkdaşlığı: yeni artım nöqtələri" mövzusunda Moskva-Bakı videokörpüsü keçirilib.

Tədbirdə Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov, "Day.az" informasiya portalının baş redaktoru, iqtisadçı Emin Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov iştirak ediblər.

Rusiya tərəfdən isə videokörpüdə iqtisadçı, "Azərbaycanın idarəçiliyi və iqtisadiyyatında əsas tendensiyalar: 2019-cu ilin birinci yarısı. Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığının inkişaf perspektivləri" hesabatının müəllifi Aleksandr Karavayev, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Artyom Pılin, iqtisadçı, Həştərxan Dövlət Texniki Universitetinin Dmitrov filialının direktoru Anna Solonenko, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Leonid Qusev iştirak ediblər.

Tədbirdə çıxış edən Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bildirib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ildən-ilə artır:

"2019-cu ilin yanvarında iki ölkə arasında ticarət dövriyyəsi 170 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 4 faiz çoxdur. 2018-ci ildə isə ticarət dövriyyəsi 2,5 milyard dollara bərabər olub. Bu isə 2017-ci illə müqayisədə 19,1 faiz çoxdur. İldən-ilə artım tendensiyası daha çox hiss olunur".

Öz növbəsində, "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov iki dövlətin üçüncü ölkələrin bazarlarına çıxışı imkanlarından bəhs edib.

Ekspert, həmçinin Xəzər dənizi regionunda əməkdaşlığa toxunub: "Xəzər - ölkələrin iqtisadi inkişafı üçün kifayət qədər səmərəli istifadə olunmayan regiondur".

O qeyd edib ki, Azərbaycanda inşaat biznesi son illərdə güclü inkişaf edib. Azərbaycan müəssisələri yeni xarici bazarlar axtarır və artıq Qazaxıstan, Türkiyə və Gürcüstanda fəaliyyət göstərir, Serbiyada yol layihələri həyata keçirirlər.

Azərbaycanlı iqtisadçı, professor Elşad Məmmədov Azərbaycan və Rusiyanın ekspert ictimaiyyətləri arasında əməkdaşlıq üçün platformanın yaradılmasını zəruri hesab edib.

Onun fikrincə, iki ölkənin iqtisadiyyatları müxtəlif və miqyas fərqləri olsa da, kifayət qədər sistem oxşarlıqları, eləcə də investisiyalar üçün oxşar nöqtələr var: "Eyni zamanda iki ölkənin iqtisadiyyatının sistem zəiflikləri də ümumi cəhətlərə malikdir. Bu, ölkələrin iqtisadi imkanlarının inkişafı məqsəsdilə həmin çətinliklərin öhdəsindən gəlmək üçün optimal yolların axtarışını aktual edir".

"Day.az" informasiya portalının baş redaktoru, iqtisadçı Emin Əliyev Azərbaycan və Rusiya arasında ticarətin prioritet sahələrindən danışarkən qeyd edib ki, ticarət dövriyyəsinin inkişafı üçün aparıcı istiqamətlərdən biri kənd təsərrüfatıdır.

O əlavə edib ki, son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına böyük diqqət ayırır. İndi Azərbaycanda pambıqçılıq, ipəkçilik, çay istehsalı kimi ənənəvi aqrar sahələri dirçəlir.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Artyom Pılin vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanın təcrübəsi Rusiya üçün vacibdir. O xatırladıb ki, 2018-ci ilin dekabrında Dünya Bankının hesabatı hazırlanıb və bu hesabatda Azərbaycan, Rusiya və Qazaxıstan arasında məhz Azərbaycanın diversifikasiya baxımından ən böyük uğura nail olduğu qeyd olunub.

Rusiyalı ekspert-iqtisadçı Aleksandr Karavayev isə Azərbaycanla Rusiya arasında bir sıra əməkdaşlıq sahələrinə toxunub. O bildirib ki, ikitərəfli əməkdaşlığa nümunə kimi neft və kimya sənayesi ilə bağlı layihələri göstərmək olar: "Bu istiqamət məqsədyönlü şəkildə güclənir, ildən-ilə ticarət-sənaye xətti üzrə yeni birgə müəssisələr meydana çıxır".

Daha bir nümunə qismində A.Karavayev tamamilə yeni istehsalatın yaradılmasını və iki ölkənin iqtisadçılarının indiyədək təcrübədə görünməyən yeni səviyyəyə çıxışını qeyd edib: "Məsələn, müdafiə-sənaye kompleksində qarşılıqlı fəaliyyət. Üçüncü istiqamət xidmət, turizm sektorları, ticarət sahəsində yeni meydançanın yaradılmasıdır".


Xəbərə aid fotolar