Cahangir Hacıyevin məhkəməsində şahid ifadələri arasında ziddiyyətlər üzə çıxıb


Digərləri 04 Mar 2019 13:50:00 193 0

Cahangir Hacıyevin məhkəməsində şahid ifadələri arasında ziddiyyətlər üzə çıxıb

Cahangir Hacıyevin məhkəməsində şahid ifadələri arasında ziddiyyətlər üzə çıxıb

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Gündüz Məmmədov bildirib ki, hazırda Beynəlxalq Bankın Abşeron filialının müdir müavini vəzifəsində çalışır: "Kredit komitəsində layihələrə verilən kreditlərə qol çəkmişəm. Bankın Kredit komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram, həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən, 100 min manatlıq kreditlər idi. Kredit komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Layihələrə daha çox kreditlərin verilməsinə isə Bankın Müşahidə Şurası nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədlərini banka təqdim edirdu və girov qoyurdu. Kredit komitəsi də onları araşdırıb sonra qərar verirdi". Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. Bildirilib ki, G.Məmmədov 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atıb. Kredit komitəsində qərarlar iclas zamanı deyil, iclasdan sonra elan olunub. Daha sonra şahid qismində ifadə verən Beynəlxalq Bankın vəzifəli şəxsi Aydın Səlimov deyib ki, Bankın Aktivlər və passivlər departamentinin üzvü olub, veksellərin əməliyatları zamanı sənədlərə imza atmayıb: "Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur". Məhkəmədə şahid qismində ifadə verən Həsən Həsənzadə isə bildirib ki, Beynəlxalq Bankın Aktivlər və passivlər departamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və passivlər departamenti formal qurum olaraq işləyib: "Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, Bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş verirdi ki, Xəzinədar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim". Prosesdə şahid qismində dindirilən Şakir Musayev "İntertekstil" şirkətinin sabiq rəhbəri olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib.