"Yığ çantanı, gəz dünyanı" cümləsini şüara çevirən oğlan Səyyah FOTO


Digərləri 04 Mar 2019 03:30:00 272 0

"Yığ çantanı, gəz dünyanı" cümləsini şüara çevirən oğlan  Səyyah  FOTO

Babək Musazadə: "Gəzdiyi ölkənin təsiri ilə insanın özünə baxışı dəyişir, fərqli tərəflərini kəşf edir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

20-dən çox ölkədə, 50-yə yaxın şəhərdə olub. Ən çox sevdiyi şəhər Praqadır. Ölkələrin tarixi yerlərini gəzməyi daha çox sevir. Deyir ki, səyahət insana gördüklərini, yaşadıqlarını, başına gələn maraqlı hadisələri danışmaq şansı qazandırır.    "Səyyah" rubrikamızın budəfəki qonağı "Facebook"da 40 min üzvü olan məşhur "Gəzəyənlər" qrupunun yaradıcısı Babək Musazadədir.   Qeyd edək ki, B.Musazadə bakalavr təhsilini Azərbaycan Turizm və Menecment Universitetində, magistri isə İqtisad Universitetinin nəzdində olan Türk Dünyası Araşdırmalar Vəqfinin İşlətmə bölümündə alıb. Xaricdə təhsil almaq qərarına gələn Bəbək bəy, Budapeştdə Beynəlxalq Biznes Məktəbində marketinq üzrə təhsilini davam etdirib. Hazırda isə Hindistanın ən böyük şirkətlərindən birində İT mütəxəssisi olaraq çalışır.     - Sizinlə tanışlığımız "Facebook"dakı məşhur "Gəzəyənlər" qrupu vasitəsi ilə oldu. Maraqlıdır, necə oldu ki, belə qrup yaratmaq qərarına gəldiniz?

- Həmin dövrlərdə çox səyahət edirdim. Demək olar ki, hər ay bir ölkəyə gedirdim və səyahətlərimlə bağlı bloq yazırdım. Bunu bilənlər də mənə səyahətlə bağlı müxtəlif suallar verirdilər. Görürdüm ki, bütün sualları cavablaya bilmirəm. Digər tərəfdən, Türkiyədə səyahət edənlərin cəm olduğu, səyahətlə bağlı bir qrup var idi. Mən özüm də həmin qrupa üzv idim. Çox maraqlı paylaşımlar olurdu. Düşündüm ki, belə qrup bizdə niyə olmasın? İnsanlar səyahətlə bağlı təcrübələrini bölüşərlər, həm də suallar yalnız mənə ünvanlanmaz, mənim bilmədiyim sualları qrupun digər üzvləri cavablandırar. Həmçinin ölkəmizdə səyahət mədəniyyətinin formalaşmasına və inkişaf etdirilməsinə kömək etmiş olarıq.

- Danışarkən "biz" deyirsiniz, qrupu bir neçə nəfər birlikdə yaradıbsınız, ya tək?

- Qrupun yaradıcısı mənəm, üzvlərinin və işlərin çoxalması ilə əlaqədar olaraq qrupa nəzarət etmək çətinləşdi. Ona görə, bəzi dostların köməyinə ehtiyac oldu. Hazırda qrupumuzun 5 nəfər admini və 40 minə yaxın üzv var.    - Səyahətlə bağlı ad seçimi rəngarəng olarkən, nə üçün "Gəzəyənlər"?

- Əslində, qrupu ilk yaradanda "səyahət məsləhətləri" tipli ad qoymuşdum. Qrupun adı cəmi bir neçə saat belə oldu. Ad çox standart səslənirdi, ürəyimə heç yatmırdı. Birdən ağlıma "Gəzəyənlər" adı gəldi. Açığı, düşünürdüm ki, ad birmənalı qarşılanmaya da bilər (gülür). Amma əksinə, dəstəkləyənlər, adı bəyənənlər çox oldu. Qrupumuz, artıq iki il yarımdadır ki, bu adla fəaliyyət göstərir. Düşünürəm ki, bu müddət ərzində sosial şəbəkədə brend ada çevrilə bilib. Yəni ən azından gənclər arasında "Gəzəyənlər" deyəndə söhbətin nədən getdiyini bilirlər.    - Bəzən turizmlə, səyahətlə bağlı istər şirkət, istər sosial şəbəkədə qrup açarkən, beynəlxalq ada üstünlük verirlər. Xüsusilə də "travel" sözündən istifadə edilir. Siz nə üçün belə bir seçim etmədiniz?

- Qrupumuzun kontingenti, əsasən azərbaycanlılar olduğu üçün səyahətlə bağlı xarici ad seçmək istəmədim. Hətta, paylaşımların da 95 faizi öz dilimizdədir.

- Maraqlıdır, gəzmək istəyini özünüzdə nə vaxtdan hiss etdiniz?

- Səyahət etmək istəyi universitet illərindən var idi. Həmin dövrdə qrup uşaqları ilə ildə bir neçə dəfə ölkədaxili turlara çıxırdıq. Sayımız bəzən 50, bəzən 70 nəfər olurdu. Bir də maraqlı bir yanaşma var idi, adətən buna yaşlı və orta nəsildə rast gəlirdim. Azərbaycan Turizm və Menecment Universitetində oxuduğumu biləndə, deyirdilər ki, hə, yaxşıdır, bala, bitirdikdən sonra turist olub, dünyanı gəzəcəksən. Açığı, özümə də maraqlı gəlirdi ki, proses necə olacaq, yəni universiteti bitirdikdən sonra həqiqətən də gəzməyə gedirsən? Səyahətlərə marağımın ən pik nöqtəsi isə Budapeştə köçdükdən sonra başladı. Buradan səyahət etmək nisbətən ucuz qiymətə başa gəldiyi üçün bir çox ölkələrə elə ordan gedirdim. Amma Macarıstana gələnədək Türkiyəyə, Rusiyaya, Gürcüstana və Finlandiyaya səyahətlərim olmuşdu.    - Səyahətlərinizi hansı aralıqda edirsiniz?

- İlk dövrlər hər ay bir ölkəyə və ya şəhərə səyahət edirdim. Səyahət etdikcə hiss edirdim ki, marağım daha çox artır, daha çox yer gəzmək, yeni mədəniyyətlərlə tanış olmaq istəyirəm. İş və ya başqa səbəblərdən səyahətə gedə bilməyəndə, hiss edirdim ki, nə isə əskiklik, çatışmazlıq var. İndi isə hər ay olmasa da, ən azından 2 aydan bir harasa gedirəm.    - Təxmini deyə bilərsiniz nə qədər müddətdir səyahət edirsiniz və neçə ölkədə olubsunuz?

- Təxmini 4 ildir ki, aktiv səyahətə başlamışam və bu illər ərzində 20-dən çox ölkədə, 50-yə yaxın şəhərdə olmuşam. Çünki getdiyim ölkələrdə çalışıram ki, ən azı iki şəhər gəzim. Hətta bəzi şəhərlər var ki, bir neçə dəfə ora səyahət etmişəm. Məsələn, ən sevdiyim şəhər Praqadır, səhv etmirəmsə, 4 dəfə getmişəm.

- Getdiyiniz ölkələrin adlarını sadalaya bilərsiniz?

- Evdə xəritəm var və gəzdiyim ölkələri orada işarələmişəm. Bu sualınıza cavab vermək üçün gərək xəritəmin önünə keçim (gülür). Məsələn, İsveç, Finlandiya, Danimarka, Almaniya, Fransa, İtaliya, Avstriya, Sloveniya, Xorvatiya, Bosniya və Hersoqavina, Makedoniya, İspaniya, Serbiya, Rumıniya, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə olmuşam.

- Qeyd etdiniz ki, Praqanı çox sevirsiniz. Bilmək olar bu sevginin səbəbi nədir?


Xəbərə aid fotolar