Azərbaycanın ən gənc xanım prorektoru Uğur hekayəsi FOTO


Digərləri 04 Mar 2019 01:30:00 309 0

Azərbaycanın ən gənc xanım prorektoru  Uğur hekayəsi  FOTO

Ülkər Səttarova: "Qadın evdən çıxanda ona "Get, narahat olma, hər şey yaxşı olacaq" deyəni yoxdursa, inkişaf etmək çətindir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İşi təhvil vermək üçün son tarix məsələsinə yanaşması fərqlidir. Deyir ki, adətən, işi təhvil vermək üçün qoyulan son tarixdən 3 gün öncə hazır edəcək. Bu işdə onun köməyinə gələn daha bir faktor isə riyaziyyatçı olmağıdır. Yəni zamandan səmərəli yararlana bilib. İşə bu cür yanaşması sayəsində isə karyerasında irəliləmələr sürətli gedib. Müsahibimiz gənc yaşda Memarlıq və İnşaat Universitetinin prorektoru təyin olunan Ülkər Səttarovadır.   - Ülkər xanım, ilk olaraq sizi tanıyaq...

- 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbin son illərini Bakı Texniki Kollecində oxudum, orda informasiya texnologiyalarına sevgim yarandı və bu istək mənim Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil almağıma gətirib çıxardı. Yüksək balla universitetə daxil oldum və fərqlənmə diplomu ilə bitirdim. Hətta bir dənə belə "4"-üm olmadı. Sonra klassik riyaziyyatdan uzaqlaşıb İT texnologiyalara bir az da yaxınlaşmaq qərarı verdim. Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası var idi, orda magistr təhsili almağa başladım. Sonra Azərbaycan Milli Elmlər Akademiyasına keçdim. Öz elmi işlərimi davam etdirmək istəyirdim. Bir xeyli orda işlədim, elmi işimi müdafiə edəndən sonra rektorumuz Gülçöhrə Məmmədova məni universitetdə işləməyə dəvət etdi.

- Universitetdə, akademiyada fəaliyyətiniz olub. Şirkət mühitində çalışmamısınız?

- Fərdi sifarişlər, böyük layihələrlə bağlı şirkətlərlə əməkdaşlıq etmişəm. Hazırda Dövlət Neft Şirkətinin Elm Fondu üçün real tətbiqi layihələr işləyirik. Amma hansısa şirkətdə işləməmişəm. Yəqin ki, bu, ailədən də gəlir. Çünki ailədəkilər də əsasən, müəllim, akademiklərdir. Yəqin ki, bunun da rolu olub (Gülür).   - Dediniz ki, sizi universitetdən dəvət ediblər. Bu dəvət nəyin sayəsində olmuşdu?

- Mən bir tədbirdə iştirak edirdim. Orada bizim nüfuzlu adamlara sual vermək imkanımız var idi, mən də aktiv iştirak edirdim. Həmin tədbirə bizim universitetin rektoru Gülçöhrə xanım da qatılmışdı. El dili ilə desək, onun gözü məni tutdu və dedi ki, sənin deyəsən, bizim universitetlə əlaqən olub. Magistraturanı orda oxuduğumu, həm də orda müəllim kimi çalışdığımı dedim. İşlərimlə maraqlandı. Pedaqoji fəaliyyətdən uzaqlaşmaq istədiyimi dedim. Həmin vaxt mənə sırf öz ixtisasım olan rabitə, informasiya texnologiyalarına uyğun iş təklifi gəlmişdi. Bu haqda ona dedim. Gülçöhrə xanım da dedi ki, universitetə gəlməyini istəyirəm, buna görə sənə elə iş təklif edəcəyəm ki, "yox" deyə bilməyəcəksən. 1-2 gün sonra köməkçisi mənimlə əlaqə saxladı və universitetin idarə heyətinin komandasında işləməyə başladım. Eyni zamanda müəllimlik fəaliyyətimi də davam etdirdim. Bu gün də prorektor olmaqla yanaşı, müəllim kimi çalışıram. Bizim üçün əsas səhnə auditoriyadır. Məncə, tələbələrin içində olmadan universitetin administrativ heyətində tam məhsuldar işləmək çətin olar.   - Müəllim kimi neçə ildir çalışırsınız?

- 2010-cu ildən müəllim kimi fəaliyyət göstərirəm. Təbii ki, çox balaca işdən başlamışam, artıq kafedranın dosentiyəm və elmlər doktoru dissertasiyamı da müdafiə etmişəm.

- İşə başladıqdan nə qədər vaxt sonra baş müəllim təyin olundunuz?

- 2010-cu ildə texnika üzrə fəlsəfə doktoru olmuşam. 2014-cü ildə artıq universitetdə baş müəllim idim. 

- Müəllimin gənc olması ümumiyyətlə, tələbələrə nə qazandırır?

- Cavan nəslin nümayəndəsi olduğumuz üçün onların problemlərini daha yaxşı başa düşürük. Yəni ünsiyyətimiz daha yaxşı alınır. İşə gəlincə, gənc müəllimlərin bir üstünlüyü də əlavə xarici dil bilmək qabiliyyətləridir. Əgər yaşlı nəsil üçün xarici dil rus dili idisə, mənim üçün bundan əlavə ingilis dili də var. İngilis dilini bilmək mənim bir çox ədəbiyyatlara daha yaxşı yiyələnməyimə, beynəlxalq layihələrdə, mübadilə proqramlarında daha aktiv iştirakıma səbəb olur və s. Məsələn, mən "Erasumus" proqramı çərçivəsində ən azı 6-7 dəfə mübadilə proqramlarında iştirak etmişəm. Heç vaxt fikirləşməmişəm ki, gənc yaşda baş müəllim oldum, bəsimdir, mən artıq hər şeyi bilirəm.


Xəbərə aid fotolar