Azərbaycandan çıxarılan 5 milyardın sahibi bilindi:


Kriminal 03 Mar 2019 16:23:00 226 0

Azərbaycandan çıxarılan 5 milyardın sahibi bilindi:

Filmlərdə belə olmayan, heyrətamiz bir cinayət əməli - adlar, ifadələr, iddialar: ''Bizə "Azəriqaz Bankın" "Xətai" filialında ofis verildi''; Eldar mahmudovun dostu Çingiz Əsədullayev...

Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.  Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.  Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə verib. Şahid bildirib ki, onu işə Malik Əliyev dəvət edib: "Maliklə daha əvvəl bank sahəsində işləyərkən tanış idik. Həmin ərəfədə işsiz idim. O da məni işə dəvət elədi. Mənə dedi ki, işim pulları saymaq və saxta olub-olmamasını yoxlamaqdır". Kassir işləyən Vidadi Əliyev suallara cavabında deyib ki, işi sadəcə pulları mədaxil etmək olub. O deyib ki, çıxarılan pullardan xəbəri olmayıb. Hakim xatırladıb ki, cinayət işi materiallarında görünür ki, təkcə "Elektromaş" MMC-nin adına 2014-cü il 29 oktyabrında müxtəlif məbləğlərdə 10 milyona yaxın pul köçürülüb.

Hakim həmin məbləğləri xatırladıb. Məlum olub ki, təkcə həmin gün 978 min, 97 min, 2 milyon, 234 min, 233 min, 363 min, 403 min, 931 min, 293 min, 390 min, 385 min, 765 min və digər məbləğlər mədaxil edilib.  O da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin V.Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə "AGbank"ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb.  Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat" filialının direktoru olmuş Kənan Orucov məhkəmədə şahid qismində ifadə verib. Xatırladaq ki, K.Orucov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə milyonların mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə K.Orucov şərti cəza almışdı. Həmin hökmlə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.