İsti su vannası fiziki məşqi əvəz edə bilər


Digərləri 02 Mar 2019 23:15:00 401 0

İsti su vannası fiziki məşqi əvəz edə bilər

"Journal of Applied Physiology" jurnalında nəşr olunan araşdırmanın nəticəsinə görə, isti su vannası müəyyən mənada fiziki məşqləri əvəz edə bilər. Belə ki, isti su vannası bədən tərbiyəsi kimi, əzələlərin güclənməsinə, orqanizmin ümumi tonusunun yüksəlməsinə və qan şəkəri səviyyəsinin normallaşmasına kömək edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, tədqiqat çərçivəsində fiziki məhdudiyyəti və artıq çəkisi olan kişi könüllülər isti su vannası ilə bağlı təcrübədə iştirak ediblər. Əvvəlcə onlar 27 dərəcə temperaturu olan otaqda 15 dəqiqə vaxt keçiriblər. Daha sonra onların bəziləri 39 dərəcəlik suda 60 dəqiqə vanna qəbul ediblər.

Məlum olub ki, isti vanna qanda interleukin-6 və iltihab əleyhinə xüsusiyyəti olan sitokin konsentrasiyalarının artmasına səbəb olub. Digər effekti isə arterial təzyiqi azaltmağa və damarların divarını yumşaltmağa qadir olan azot oksidlərinin istehsalını artırmaqdır.

Araşdırmanı aparan alimlər bildiriblər ki, təcrübə davam edən bir neçə həftə ərzində iştirakçıların insulin və aclıq qan şəkəri səviyyəsi aşağı düşüb. Bundan başqa, bədənin müxtəlif yerlərində xroniki iltihab əlamətlərinin azalması qeydə alınıb.