Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır


Dünya 02 Mar 2019 19:37:00 187 0

Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır

ABŞ prezidenti Donald Tramp Hanoyda müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar nüvə silahlarına sahib iki cənubi asiya rəqibi Hindistan və Pakistan arasında gərginliyi azaltmağa çalışır. Onun bu sözləri iki ölkə arasında gərginliyin artmasından, hava qüvvələri arasında toqquşmanın baş verməsindən və müharibənin başlayacağına dair nahatlıqların artmasından bir neçə gün sonraya təsadüf edib.

Hindistan və Pakistanda milyonlarla insan hərbi toqquşmaların nəzarətdən çıxacağından narahatdır.

Hanoyda Şimali Koreya lideri ilə sammit keçirən prezident Donald Tramp deyib ki, ABŞ vəziyyəti sakitləşdirməyə çalışır.

"Məncə bu, Pakistan və Hindistandan gələn yaxşı xəbərdir. Onlar bir-birilərinə hücum edirlər, biz isə onların qarşılarını almağa çalışırıq. Ümid edirəm ki, buna artıq son qoyular", Donald Tramp söyləyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Pakistanın baş naziri İmran Xan deyib ki, ölkəsi çərşənbə günü havada vurularaq əsir alınan hindistanlı pilotu "sülh jesti" olaraq geri qaytarıb. O həmçinin Hindistana başqa addım atmaması barədə xəbərdarlıq edib.

"Mən bu kürsüdən Hindistana demək istəyirəm ki, 'əlavə addım atmayın', çünki Hindistan hücum etsə, biz cavab verməliyik", o bildirib.

Hindistanın baş naziri Narendra Modi partiyasının işçiləri önündə çıxış edərək bütün ölkəni ordunu dəstəkləməyə çağırıb.