Elmar Məmmədyarov İƏT ölkələrinə çağırış etdi


Siyasət 02 Mar 2019 07:35:00 310 0

Elmar Məmmədyarov İƏT ölkələrinə çağırış etdi

"Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir.Bu təcavüz  nəticəsində ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib".

Son.az bildirir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 46-cı sessiyasında çıxışı zamanı belə deyib.

"Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb. Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunmuşdur", deyən nazir İKT-yə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İKT Xarici İşlər Nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirdiyini söyləyib:

"Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram.   

Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan "İslam Mirası"nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri bundan çəkinməyə çağırırıq".