"Tagespost": "Qafqazda sonuncu alman"


Digərləri 01 Mar 2019 22:11:00 346 0

"Tagespost": "Qafqazda sonuncu alman"

Almaniyanın "Tagespost" qəzetində "Qafqazda sonuncu alman" sərlövhəli məqalə dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məqalə 200 il əvvəl Azərbaycana köç etmiş və burada məskən salmış almanlara və onların irsinə həsr olunub. Yazıda müəllifin Azərbaycanda sonuncu alman olan Viktor Klaynın irsi ilə tanış olmaq üçün onun yaşadığı Göygöl şəhərinə səfəri təsvir edilib. V.Klaynın 200 il öncə Azərbaycana gələn almanlardan sonuncusu olduğu bildirilib. M.Haydemanın Göygöldə olarkən V.Klaynın yaxın dostu Fikrət İsmayılovla birlikdə Viktorun evini ziyarət etdiyi vurğulanıb. Evin V.Klayn tərəfindən Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlandığı və Almaniya Xarici İşlər Nazirliyinin vəsaiti hesabına ev-muzeyinə çevrilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Yazıda həmin ev təsvir edilib və onun almanlara xas xüsusiyyətləri nəzərə çatdırılıb. İki yüz il əvvəl Azərbaycana gələrək burada özlərinə məskən salmış almanların İkinci Dünya müharibəsinin başlamasından sonra Stalinin müvafiq dekretinə əsasən, Azərbaycandan deportasiya edildiyi, V.Klaynın atasının Polşadan gəldiyi üçün onun ailəsinin ölkəmizdə qala bildiyi vurğulanıb.

Məqalədə Azərbaycanda alman irsini araşdıran "Keçmişin qızıl səhifələri" kitabının müəllifi Məmməd Əlizadəyə istinad edilərək iki yüz il öncə Azərbaycana köç edən almanların yerli əhali tərəfindən mehribanlıqla qarşılandığı, torpaq və ehtiyatlar uğrunda rəqabətə baxmayaraq, hər iki xalq arasında dostluq münasibətlərinin olduğu nəzərə çatdırılıb. M.Əlizadəyə istinadla azərbaycanlılarla almanların tərəfdaş olduqları, yerli insanların almanlarla qaynayıb-qarışdığı və ailə qurduqları qeyd edilib.

Diqqətə çatdırılıb ki, əvvəllər Helenendorf adlanan Göygöl rayonunda 1857-ci ildə inşa edilən və 2008-ci ildə bərpa olunan lüteran kilsəsi yerləşir. Kilsənin nəzdində özündə Azərbaycandakı alman irsini əks etdirən kiçik muzey var. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda xristian irsinə göstərilən qayğı diqqəti cəlb edir.

Məqalədə əvvəllər Annenfeld adlandırılan indiki Şəmkir şəhərində almanların evlərinin qorunub saxlanıldığı, onların evlərinin özünəməxsus arxitekturaya malik olduğu vurğulanıb. Qeyd olunub ki, Şəmkirin mərkəzində alman şvablarından biri tərəfindən inşa edilən evdə Annenfeld kafesi fəaliyyət göstərir. Evdə şərabların saxlanılması üçün nəzərdə tutulan zirzəmi qədim dövrləri xatırladır. Həmçinin burada da 1909-cu ildə inşa edilən alman lüteran kilsəsinin olduğu və onun nəzdində kiçik muzeyin fəaliyyət göstərdiyi vurğulanıb. Muzeyə rəhbərlik edən Cavanşir Pirverdiyevin jurnalistə Azərbaycandakı alman irsi, almanların gündəlik həyat tərzi və əl işləri haqqında məlumat verdiyi qeyd olunub.