Çin İpək Yolu boyunca yerləşən ölkələrin səhralaşmaya qarşı mübarizəsinə kömək edəcək


Dünya 01 Mar 2019 21:13:00 366 0

Çin İpək Yolu boyunca yerləşən ölkələrin səhralaşmaya qarşı mübarizəsinə kömək edəcək

Çin səhralaşmaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir və bu məqsədlə "Kəmərlər və yollar" boyunca yerləşən ölkələrin bu sahədə texnologiyalarının və texniki tələbatının siyahısının tərtib edilməsi üzərində çalışır. Bundan əlavə, Mərkəzi Asiya və Afrikanın 8 ölkəsində nəqliyyat arteriyalarının qumdan müdafiə olunması tədbirlərinə təqribən 2 milyon dollar vəsait yatırmağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir BMT-nin Səhralaşmaya qarşı Mübarizə haqqında Konvensiyası (BMT SMK) tərəfləri Konfransının Quyyanda (Quyçjou əyaləti, Cənub-Qərbi Çin) keçirilən 13-cü sessiyasının Rəyasət heyətinin ikinci iclasında səslənib.

BMT SMK-nın razılığı olsa, həmin vəsait Çinin "Cənub-Cənub" Əməkdaşlıq Fondundan ayrılacaq. İclasda bildirilib ki, hələlik həmin məsələ ilə bağlı məsləhətləşmələr aparılır.

BMT SMK Katibliyində səhralaşmanı hazırda bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri adlandırıblar. Səhralaşma nəticəsində hər dəqiqə dünyada 23 hektar torpaq sahəsi itirilir və nəticədə hər gün 1,3 milyard ABŞ dollarına iqtisadi ziyan dəyir. Katiblik bu problemin həlli üçün bütün ölkələrin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayır.