Deputat: Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi


Digərləri 01 Mar 2019 21:15:05 300 0

Deputat: Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi

Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, əslində son günlərdə imzalanan fərman və sərəncamların ardınca Azərbaycan Prezidenti yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi: “Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Bu məsələnin həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsi ilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb". Millət vəkili qeyd edib ki, iki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək: "Birinci dövr 2015-ci il fevralın 21-nə qədər götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci il fevralın 22-dən dekabrın 21-dək vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həlli ilə bağlı qərar qəbul etdi. Birinci mərhələdə götürülən hər 1 dollara görə 0,25 manat ödənişin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsi ilə də analoji situasiyanın şahidi oluruq. Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi”. H.Babaoğlu vurğulayıb ki, bu, dövlətin təkcə problemli kreditlərin həlli məsələsinə verdiyi töhfə deyil: “Eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir sərəncamdır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha şahidi oldu ki, Azərbaycan Prezidenti daim onların yanındadır, hər hansı fors-major vəziyyət yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin