Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb


Siyasət 01 Mar 2019 18:05:00 326 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 9.9-9-cu bənd əlavə edilir:

"9.9-9. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək;".

10.75-ci bənd aşağıdakı redaksiyada verilir:

"10.75. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir;".

Bundan başqa, aşağıdakı məzmunda 10.75-1-ci - 10.75-3-cü bəndlər əlavə edilir:

"10.75-1. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;

10.75-2. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;

10.75-3. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;".

Son.az