Bakıda elçilikdən sonra dörd aylıq hamilə sevgilisini qətlə yetirmiş gənc


Digərləri 01 Mar 2019 16:14:00 292 0

Bakıda elçilikdən sonra dörd aylıq hamilə sevgilisini qətlə yetirmiş gənc

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. S.Qədimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

Prosesdə mərhum Aytən Cəfərovanın anası Esmira Cəfərova dindirilib. O, ifadəsində S.Qədimovun hadisədən bir müddət əvvəl qızı ilə yaxınlıq etdiyini deyib: "Qızım Sabirdən hamilə qalıb, aparıb həkimə dərman içiriblər. Aytən mənə dedi ki, zəhərlənmişəm. Xəstəxanaya apardıq. Məlum oldu ki, dörd aylıq hamilədir. Buna görə Sabirdən polisə şikayət etmədik. Qızımla evlənməsini istədik. Anasıgil gəldilər, dedilər ki, Sabirin nənəsinin ili çıxandan sonra elçi gələcəklər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən gedən kimi Sabir qızıma zəng vurub, onu təhqir edib".

Zərərçəkmiş E.Cəfərova deyib ki, Sabir qızını telefonda təhqir edəndən bir qədər sonra onların evinə gəlib: "Sabirin üzünə qapını mən açdım, tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə əlimə dəydi, yerə yıxıldım. Qışqırdım, dedim ki, Aytən, evdən qaç. Sabirin əlləri əsirdi, tüfəngi yanında olan bibisi oğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı. Sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə "ana, bibi" deyə-deyə can verirdi. Küçəyə çıxdım. Qonşunun uşağı yerdə uzandığımı görüb, yaxınlaşdı. Təcili yardım maşını tez gəlsəydi, bəlkə də Aytən sağ qalacaqdı. İstintaq zamanı Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya orada olmadığını qeyd etdilər".

Məhkəmədə elan olunub ki, hadisədən sonra zərərçəkmiş E.Cəfərovanın iki barmağı amputasiya edilib.