Sabirabad rayonunda ilk startap turu keçirilib (FOTO)


Digərləri 01 Mar 2019 15:56:00 290 0

Sabirabad rayonunda ilk startap turu keçirilib (FOTO)

“I2B- İdeyadan Biznesə” layihəsi bu il əhatə dairəsini genişləndirib.

Bakı. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən icrasına başlanılan “I2B- İdeyadan Biznesə” layihəsi bu il əhatə dairəsini genişləndirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, il ərzində layihə çərçivəsində təşkil olunacaq startap turları ölkənin bir çox fərqli şəhər və rayonlarını - Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək. Martın 1-də isə startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Tədbir iştirakçılarına layihənin məqsədi, qaliblər üçün faydası, gələcək perspektivlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, "İdeyadan Biznesə" layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 6 komanda formalaşdırılıb. Mentorlar həmin komandaları əsas müsabiqəyə hazırlayıblar.