“Quş qripi”nə görə monitorinq başa çatdı - NƏTİCƏ


Digərləri 01 Mar 2019 13:14:00 325 0

“Quş qripi”nə görə monitorinq başa çatdı - NƏTİCƏ

“Quş qripi” xəstəliyinə görə fevralın 25-dən başlayan növbəti monitorinq bu gün, yəni martın 1-də başa çatıb.

Bakı. “Quş qripi” xəstəliyinə görə fevralın 25-dən başlayan növbəti monitorinq bu gün, yəni martın 1-də başa çatıb. Monitorinq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. DBX-dən Trend-ə verilən məlumata görə, tədbir köçəri quşların miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib. Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 48 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 11 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 11 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 10 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 250 baş ev quşundan qan nümunələri götürüblər. Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.