Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər


Digərləri 28 Fev 2019 19:14:00 252 0

Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.

Son.az xəbər verir ki, məlumatı virtualaz.org-a Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən təsdiqləyiblər. İdarədən sayta  göndərilən yazılı açıqlamada qeyd olunur ki, muzeyə məxsus tikililər və torpaq sahəsi 1998-2005-ci illər ərzində özəlləşdirilib, bundan nə Mədəniyyət Nazirliyinin, nə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məlumatı olmayıb, rəsmi razılıq alınmayıb.

"Rəsmi sənədlərdə ev muzeyinin hələ də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu göstərilir. Belə olduğu halda bina necə satıla bilər"-sualına idarənin əməkdaşı bildirib ki, bina şəxsi mülkə çevrilib, sadəcə muzey kimi idarədə qeydiyyatdadır. Başqa sözlə, binanın satılması məsələsinə qarışa bilməzlər.  

Açıqlamada deyilir: "Son illər ərzində şəhərin dağüstü  hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib, muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir. Muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür".

Daha sonra qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin 5 may 2010-cu il tarixli, 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanıb, 2 sentyabr, 2010-cu il tarixli,  435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

"Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən dəfələrlə Cəfər Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın. Yazıçının ev muzeyi daim idarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb", -idarədən bildirilir.

Bəllidir ki, muzeyin nazirliyin və idarənin xəbəri olmadan özəlləşdirilməsi, satılması yolverilməzdir və bunun qarşısı qanunvericiliyə uyğun alına bilərdi. İdarə isə deyir ki, Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb. Halbuki ən böyük hörmətsizlik yazıçıya qarşı edilib, yaşadığı ev yerlə-yeksan olunur.


Xəbərə aid fotolar