Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb


Digərləri 28 Fev 2019 19:09:30 239 0

Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

Bakı. Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusunda konfrans keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov diqqətə çatdırıb ki, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şərait yaradılması, xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclərin sosial-iqtisadi həyatda daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir. Vurğulanıb ki, korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır. Sahib Məmmədov bu istiqamətdə təşkil ediləcək müsabiqə barədə də ətraflı məlumat verib və startapların daha geniş şəkildə təşviq ediləcəyini vurğulayıb. Tədbirdə diqqətə çatdırılıb ki, yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda "Sahibkarlara Xidmət Mərkəzi" və "Biznes İnkubasiya Mərkəzi" fəaliyyətə başlayacaq. Bu mərkəzlər sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, onların maarifrləndirilməsi, əməkdaşlıq əlaqələrinin inkişafı, startapların dəstəklənməsində əhəmiyyətli olacaqdır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verərək Agentliyin hazırda regionlarda fəaliyyət göstərən "KOB Dostu" vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də "KOB evi"nin yaradılması, ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.