"Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi"


Siyasət 28 Fev 2019 16:47:00 314 0

"Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi"

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərman, ilk növbədə, dövlətimizin başçısı tərəfindən başladılan sosial inqilabın mühüm tərkib hissələrindəndir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, bu qərar eyni zamanda dünyaya təqdim edilən müasir Azərbaycan modelinin sosial məsələlərin həllində liderliyinin bariz göstəricisidir:

"Sirr deyil ki, artıq bir neçə ildir manatın dollara nisbətdə məzənnəsi ucuzlaşmışdı və əhali daha öncə götürdüyü kredit borclarını əvvəlki məzənnə ilə ödəyə bilmirdi, bəzən də işlər məhkəmələrə, digər instansiyalara qədər gedib çıxırdı. Bu isə bank kreditlərində problemləri yaranmış xalqı narahat edirdi. Belə olan halda, cənab İlham Əliyev öz inqilabi qərarları ilə bir daha sübut etdi ki, dövlət xalq üçündür və xalqa xidmət etməlidir. Əbəs deyil ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında xalqın xidmətçisi olduğunu və fəaliyyətini bilavasitə xalqa xidmət üzərində qurduğunu vurğulayıb. Bu baxımdan Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi".

Ekspert qeyd edib ki, dövlətimizin başçısı qeyd edilən fikirlərlə yanaşı, hələ 16 il öncə andiçmə mərasimində verdiyi vədinə nə qədər sadiq olduğunu növbəti dəfə sübuta yetirdi:

"Bəli, bu addım həm də cənab İlham Əliyevin sözünə sadiq lider olduğunu isbatlayır. Əlbəttə ki, Azərbaycan xalqı da bu qərardan böyük sevinc hissi keçirir. Təsəvvürünüzə gətirin ki, illərlə yığılmış, ödənilməyəcək vəziyyətə qədər gəlib çatmış problemli bank kreditləri dövlət başçımızın bir fərmanı ilə həll edildi, bununla da problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu. Əlbəttə ki, yalnız bu fərman deyil, digər sosial yönümlü inqilabi sərəncam və fərmanlar da dövlətin potensialının xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirən amillərdəndir. Çünki Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir ki, Prezident İlham Əliyev bu istiqaməti əsas olaraq götürməkdədir".

B.Quliyevin fikrincə, bu, eyni zamanda digər bir faktoru da diqqətə çatdırır ki, son dövrdə ölkəmizdə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi inkişaf templəri bərpa edilərək artıb:

"Bunun nəticəsidir ki, əhalinin xarici valyutada olan problemli kredit borclarının ödənilməsinə dövlət öz dəstəyini göstərdi. Artıq birmənalı şəkildə, əminliklə deyə bilərik ki, cari ilin əvvəlindən sosial sahələr üzrə qəbul olunmuş qərarlar, eləcə də haqqında bəhs etdiyimiz fərman qarşıda da atılacaq inqilabi qərarların bir hissəsidir və bunun davamlı xarakter alacağına hər birimiz, hər bir Azərbaycan vətəndaşı qətiyyətlə inanır".