Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%ə endiriləcək


Digərləri 28 Fev 2019 16:21:00 211 0

Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%ə endiriləcək

"Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib".

Son.az Report-a istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov "Real Tv"yə müsahibəsində bildirib.

"Bu gün banklar qarşısında vaxtı bir ildən çox, yəni 365 gündən çox keçmiş kreditlər varsa və bu kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdisə, bunun üçün də fərmanda mexanizm nəzərdə tutulub. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Kreditlərin müddəti 5 ilə qədər uzadılacaq. Fiziki şəxslərə 1 il güzəştli dövr veriləcək. Bu o deməkdir ki, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərini güzəşt alacaqlar, onlar öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda, bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək, yəni sıfırlanacaq. Eyni zamanda, yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1%-ə endiriləcək. Görürsünüz ki, bu faizlər çox aşağıdır. Bu gün banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərindı olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Əhali növbəti 5 ilə çox aşağı faizlə, silinmiş faizlə öz öhdəliklərini icra edə biləcəklər", -deyə R.Orucov vurğulayıb.