2005ci ildən bu günə qədər 122 hakim məhkəmə sistemindən kənarlaşdırılıb


Digərləri 28 Fev 2019 16:09:00 216 0

2005ci ildən bu günə qədər 122 hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Son.az bildirir ki, Şuradan Trend-ə verilən məlumata görə, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl tədbirlər görülüb.

Dövlət başçısının tapşırığı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər elektron sənəd dövriyəsinin təmin edilməsinə, o cümlədən iddia ərizələrinin onlayn verilməsinə, məhkəmə rüsumlarının elektron ödənilməsinə, iş üzrə məlumat və qərarların alınmasının elektron həyata keçirilməsinə, məhkəmə iclaslarının audio-video yazılışının aparılmasına şərait yaradıb. Bu məqsədlə ölkə üzrə mövcud olan 111 məhkəmədən 60%-i müasir İKT ilə təchiz edilib, bu sahədə işin tam yekunlaşması üzrə tədbirlər görülür.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə təşkil olunan təlimlərdə bütün hakim korpusu əhatə olunub, Avropa Konvensiyasının tətbiqi və presedent hüququ ilə bağlı Məhkəmənin hakimi və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərə başlanılıb.

Müasir məhkəmə infrastrukturunun yaradılması məqsədilə 2018-cı ildə Dünya Bankı ilə birgə layihələr çərçivəsində və dövlət büdcəsi hesabına Bakı şəhərinin Binəqədi və Zaqatala rayon məhkəmələri üçün yeni, müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binaları inşa edilərək istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, habelə Masallı rayon məhkəmələri üçün hazırda yeni inzibati binaların inşası aparılır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi islahatlarımız nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir edilib.