Bakı Ali Neft Məktəbi və SOCAR Foster Wheeler şirkəti arasında memorandum imzalandı


Digərləri 28 Fev 2019 12:01:00 224 0

Bakı Ali Neft Məktəbi və SOCAR Foster Wheeler şirkəti arasında memorandum imzalandı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov arasında Anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri, tələbələr, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin direktor müavini Mario Castellano, İnsan resursları üzrə menecer Lali Əlizadə, mühəndislik üzrə menecer müavini Adil Abbasov, SOCAR-ın İnsan resursları məsləhətçisi Elnur Şıxəliyev və başqaları iştirak ediblər.

Anlaşma Memorandumunun məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin planlaşdırılmasından ibarətdir. Memorandum Ali Məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını, şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün mühazirələr və master klasslar keçirilməsini, məzunlar üçün karyera imkanlarının yaradılmasını və digər əməkdaşlıqistiqamətlərini özündə birləşdirir.

Mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki Ali Məktəbin bir neçə məzunu artıq SOCAR FW-də çalışır, bu memorandumun imzalanması isə şirkətlə Ali Məktəbin əməkdaşlıq istiqamətini daha da genişləndirəcək.

SOCAR (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov rəhbərli etdiyi şirkətin gənc kadrlara və onların inkişafına böyük önəm verdiyini bildirib. Daha sonra o şirkətin tarixi, məqsədi, fəaliyyət istiqamətləri və üzərində çalışdığı layihələr haqqında BANM kollektivi qarşısında prezentasiya  ilə çıxış edib, şirkətin partnyorları haqqında danışarkən onlar arasında həm yerli, həm xarici şirkətlərin olduğunu bildirib.