Əsl depressiyanın əlamətləri, niyə yaranır? MÜTƏXƏSSİSLƏR DANIŞIR


Digərləri 27 Fev 2019 23:37:00 359 0

Əsl depressiyanın əlamətləri, niyə yaranır?  MÜTƏXƏSSİSLƏR DANIŞIR

Son zamanlar ölkəmizdə psixoloq, psixoterapevt və psixiatrlara müraciət edən insanların sayı artır. Hələ kifayət qədər inkişaf etməsə də, bu sahə insanların marağını özünə cəlb edə bilib. Təəssüf ki, ölkəmizdə psixoloqa müraciət etmək birmənalı qarşılanmır. Yalnış olaraq psixoloqa müraciət edən insanların psixi problemlərinin olduğu düşünülərək, onlara ağıl xəstəsi kimi baxılır. Lakin bu fikir həqiqətə uyğun deyil. 

İnsanlar düşdükləri çətin vəziyyətə, keçirdikləri psixoloji gərginliklərə baxmayaraq, psixoloq dəstəyi almağın ətrafdakılar tərəfindən yaxşı qarşılanmayacağını düşünərək çətinliyin öhdəsindən tək başına gəlməyə çalışırlar. Lakin belə olduqda vəziyyət bir az da qəlizləşərək, depressiya kimi daha ağır fəsadlara  yol aça bilir.   Bəs depressiya nədir? İnsan təkbaşına depressiyadan çıxa bilərmi? Yoxsa bu zaman medikamentoz müalicə, psixoloq və psixiatr yardımı şərtdirmi? 

Son.az bildirir ki, medicina.az bu mövzu ilə bağlı nevroloq Sevinc Heydərovadan açıqlama alıb.

Həkim bildirib ki, depressiya zamanı beyində kimyəvi dəyişiklik baş verir və serotoninlə dofamin hormonlarının balansı pozulur. Buna bağlı olaraq xəstədə özünə qapanmalar, ruh düşkünlüyü, həvəssizlik, iştahasızlıq, bəzən əksinə iştahanın artması, qorxu, həyəcan, panik-pozğunluq  və s. hallar yaranır. 

S.Heydərova depressiyanın müalicəsi zamanı əsasən serotonin tərkibli anti-depresantlardan və həyəcanı, qorxunu aradan qaldırmaq üçün neyroliptiklərdən istifadə edildiyini deyib: 

"Müalicə dövrü uzun müddətli olur. Bəzi xəstələr isə hətta ömürlərinin sonuna qədər antidepressant istifadə etməli olurlar. Dərmansız ən yaxşı müalicə metodlarından biri NLT-dır yəni neyro-linqvistik proqramlaşdırma metodudur ki, bu metod vasitəsilə xəstələr tamamilə sağala bilirlər. Bu tip müalicə zamanı beynin qabıqaltı neyronlarına təsir edilərək, qorxuların, fobiyaların aradan qaldırılması mümkün olur. Bu metod gizli hipnoz da adlanır. Bu zaman xəstəyə sözlə təsir edilir. Nevroloqlar, o cümlədən mən özüm də bu metodlardan istifadə edərək xəstələrdə çox yaxşı, müsbət nəticələr əldə edirlər".