Allahşükür Paşazadə Qaraçay-Çərkəzdə səfərdə olub (FOTO)


Digərləri 27 Fev 2019 21:30:11 326 0

Allahşükür Paşazadə Qaraçay-Çərkəzdə səfərdə olub (FOTO)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə oldu.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub. QMİ-dən Trend-ə verilən məlumata görə, Çerkessk şəhərinə səfər çərçivəsində A.Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Şeyxülislam A.Paşazadəni səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezova çatdıran A.Paşazadə xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan A.Paşazadə, XX əsrdə erməni ekstremistləri tərəfinfən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqəti çəkdi. Qaraçay-Çərkəz respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə «Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə» ordeni ilə təltif etdi. Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə respublika rəhbərinə məlumat verdi və bildirdi ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub. Şimali Qafqaz müsəlmanları əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev görüşdə iştirak etdi.