Xocalı faciəsinin ildönümü Polşada qeyd edilib


Digərləri 27 Fev 2019 20:12:37 306 0

Xocalı faciəsinin ildönümü Polşada qeyd edilib

Azərbaycanın Polşadakı səfirliyində Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bakı. Azərbaycanın Polşadakı səfirliyində Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, Varşavanın müxtəlif universitetlərində təhsil alan polyak və azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən səfir Həsən Həsənov Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar hadisələri və 1918-ci il martın 31-də törədilmiş qətliamlardan paralellər gətirib. O bildirib ki, Polşanın Poznan şəhərində də 1956-cı ildə dinc insanların sovet qoşunları tərəfindən qırılması faktı tarixdə yer alıb. Səfir 1992-ci il fevralın 26-da sovet ordusunun ermənilərlə birlikdə on minlik əhalisi olan Xocalı şəhərində silahsız dinc insanlara qarşı soyqırımı həyata keçirdiyini və bu şəhərin yerlə-yeksan edildiyini diqqətə çatdırıb. Bildirib ki, böyük itkilərə baxmayaraq, həm Azərbaycan, həm də Polşa xalqları daim qırılmaz iradə və mətinlik nümayiş etdiriblər. Səfir, eyni zamanda, Polşada yaşayan hər bir azərbaycanlının, xüsusilə gənclərin və tələbələrin Azərbaycanın təbliği və Polşa cəmiyyətinə daha aktiv inteqrasiya olunması ilə bağlı tövsiyələrini çatdırıb.